Saxta dollar harada və necə hazırlanır? | Banco.az

Saxta dollar harada və necə hazırlanır?

Dünyada saxta dollar harada və necə kəsilir?

Xarici medianın araşdırmalarına görə, dünyada işbazlar daha çox 20 dollarlıq saxta əsginazlar kəsməyə üstünlük verirlər. Eyni zamanda dövriyyədə 1 dollarlıq saxta əsginazlara da çox rast gəlinir. Bunun səbəbi kimi qeyd olunur ki, dəyəri az olan əsginazlara alış-veriş zamanı bir o qədər də diqqət edilmir.

Yəni qarşı tərəf çox az hallarda pulun saxta olub-olmamasını yoxlayır. Nəticədə isə həmin əsginaz pulun həqiqiliyini yoxlayan aparata və ya banka gedənə qədər dövriyyədə qalır. Saxta pulun banka çatması ilə onun dövriyyədən çıxması baş verir...

Çap aparatlarının və digər bu kimi texnologiyanın inkişafından sonra dövriyyədə saxta pullara daha tez-tez rast gəlinir. Bunu önləmək üçün bəzi aparatlara xüsusi sistemlər də quraşdırılıb. Belə bir əhvalat da var ki, Kembric Universitetinə “Xerox” markalı rəngli çap aparatı gətirilib. Tələbələrdən biri aparatı yoxlamaq üçün dərhal cibindəki pulu daxil edərək, çap etmək istəyib. Lakin aparat pulun surətini çıxarmayıb, əvəzində saxta pulun qeyri-qanuni olması ilə bağlı xəbərdarlıq çıxıb.

Bu baxımdan ekspertlər hesab edirlər ki, Avropada və Amerikada demək olar ki, saxta pul kəsiminin qarşısı alınıb. Eyni zamanda insanların artıq ödənişi kartı vasitəsilə etməyə üstünlük vermələri də, necə deyərlər, saxta pul kəsənlərin bazarını öldürüb. Buna görə də hazırda dünyada saxta pula daha çox Afrika ölkələrində rast gəlinir.

Ümumilikdə isə saxta pul çapına maneə törətmək üçün mərkəz banklarının hansı texnoloji tədbirlər almaları hələ tam olaraq bilinmir.

İşbazlar proqramlarla düzəltdikləri gerçək pul surətini müxtəlif maddələrə salaraq (qəhvə, yumurta ağı və sairə) bir qədər keyfiyyətini və rəngini dəyişirlər.  Nəticədə isə eyni nömrəli saxta pullar yaradırlar. Bildirilir ki, dünyada təxminən 200 milyon saxta dollar dövriyyədədir. Dünyada cəmi 800 milyard dollar kağız pulun dövriyyədə olduğunu düşündüyümüzdə bu yetərincə böyük rəqəm sayılır.

Saxta pulu ilk ələ verən orijinal pulla eyni maddədən ibarət ola bilməməsidir. Buna görə də saxtakarlar  çıxardıqları saxta pulu barlarda, restoranlarda müştərinin ən sıx olduğu saatda kassaya verirlər. Bildirilir ki, Avropada bir çox fast-food restoranı bu səbəblə 20 dolların üzərindəki banknotları qəbul etmir.

Bir məqam da var ki, saxta pul, türklər demiş, atəş kimidir və düşdüyü yeri yandırır. Kimin əlində tutulursa, onun üstündə qalır. Bu işin kökünü araşdırdıqda, problemin başlanğıcının daha qədim dövrlə bağlı olduğunu görmək olur. Belə ki,  iddia olunur ki, 18-ci əsrdə İngiltərə-Amerika çəkişməsi dövründə ingilislər saxta dollar kəsərək, Amerika iqtisadiyyatını çökdürməyə çalışıblar.

Ən sərfəli kredit üçün müraciət et

Həqiqi dollar...

Hər nə qədər “kağız pul” desək də əslində pul kağız deyil. Amerika dolları 1879-ci ildən bəri kətan - pambıq qarışığı bir maddədən çıxarılır. Həqiqi ABŞ valyutasının  tərkibində 25 faiz kətan və 75 faiz pambıq var.

Həqiqi dollar da istifadəsindən asılı olaraq, müəyyən bir müddət sonra yararsız hesab edilərək, dövriyyədən çıxarılır. Təhlillərə görə, ən qısa ömürlü əsginaz  1 dollardır. Bu pul çox istifadə edildiyi üçün təxminən18 ay sonra dövriyyədən çıxır. 50, 100 dollarlıq əsginazlar isə təxminən 9 il dövriyyədə qala bilir. Pulların yalnız 4 min dəfədən artıq qatlanıb açıldıqdan sonra cırıla biləcəyi söylənilir.

Ekspert Rauf Ağayev mövzu ilə bağlı bildirib ki, saxta pulun tarixi, demək olar ki, həqiqi pulun ortaya çıxması ilə eynidir:

“Saxta pulun hazırlanması ilə bağlı  dövlətlər səviyyəsində çox böyük cəzalar tətbiq olunub. Dünya səviyyəsində saxta pullar içərisində ən çox rast gəlinən dollardır.  Ölkədən asılı olmayaraq harada şəraiti qura bilirlərsə, orada saxta pulun hazırlanmasını həyata keçirirlər. Daha çox hazırkı dövrdə ərəb, Afrika ölkələrində bu cür saxta pullara rast gəlinir. Vaxtilə İraqda çap olunan saxta dollar, “ən yaxşı saxta dollar” hesab olunurdu. Çünki əslindən bir o qədər də seçilmirdi. İqtisadiyyatı çökdürmək üçün çap olunan saxta dollarlar isə tamamilə başqadır. Onu çox çətinliklə gerçəyindən seçmək olur. Vaxtilə İngiltərə iqtisadiyyatını da çökdürmək üçün funt-sterlinqlər dövriyyə buraxılmışdı”.

Ekspert bildirib ki, manat olduqca yüksək mühafizə sisteminə malik olan əsginazdır: “Pulda 4 mühafizə sistemi olur. Onlardan birincisi adi insanların müəyyən etmələri üçün olan və pulu tərpədəndə rəngi dəyişən işarədir. Digərləri isə aparatlar, xüsusi işiqlar vasitəsilə müəyyənləşdirilir.  Azərbaycan saxta dolların yayılması üçün o qədər də əlverişli yer deyil. Çünki xarici valyutanın miqdarı və əhalinin sayı azdır. Dünyada ən çox saxta pul dəyişən erməni olub. O, 15 milyon dolları dəyişdiyini boynuna alıb. O, dağda sex qurub, orada saxta pul kəsirmiş. Həyat yoldaşı da deyirmiş ki, bəs ərimə həkim resept yazıb ki, dağ havasında çox gəzsin. Ona görə də dağa gedir. SSRİ məkanında ən böyük saxta pul isə Mixail Qorbaçovun Baranov soyadlı sürücüsündə olub. Onun düzəltdiyi saxta pullar Rusiya Daxili İşlər Nazirliyinin muzeyində saxlanılır”.

Mənbə: Oxu.az