“Samsung” tətildən sonra işçilərinə 340 min dollar bonus verəcək | Banco.az

“Samsung” tətildən sonra işçilərinə 340 min dollar bonus verəcək

Müəllif: Tamara Mustafayeva, Banco.az

“Samsung” tətildən sonra işçilərinə 340 min dollar bonus verəcək.

Banco.az xəbər verir ki, “Samsung Electronics Co.” tətilin qarşısını almaq üçün işçi həmkarlar ittifaqları ilə son anda razılığa gəldikdən sonra, bu il çip istehsalı bölməsinin əməkdaşlarına təxminən 40 trilyon von məbləğində mükafat ödəyəcək.

“Samsung”un yarımkeçirici bölməsində ümumilikdə 78 min nəfər çalışır. Müxtəlif şöbələrdə çalışan əməkdaşlara fərqli həcmdə mükafat veriləcək. Lakin “Bloomberg”in təklif olunan şərtlər və 2026-cı il üzrə əməliyyat mənfəəti proqnozları əsasında apardığı hesablamalara görə, əməkdaşlar orta hesabla 513 milyon von (340 min dollar) əldə edəcək. Şirkətin mart ayında yaydığı məlumata əsasən, “Samsung” əməkdaşları 2025-ci ildə orta hesabla 158 milyon von qazanıb.

Hələ həmkarlar ittifaqı üzvlərinin təsdiqini almayan ilkin razılaşmaya əsasən, “Samsung” mənfəətinin 10,5 faizini səhm, 1,5 faizini isə nağd vəsait şəklində mükafat olaraq paylamağa razılaşıb. Yeni mükafat proqramı müəyyən mənfəət hədəflərinə nail olunacağı təqdirdə 10 il ərzində hər il davam edəcək. Analitiklər “Samsung”un 2026-cı ildə əməliyyat mənfəətinin yeddi dəfə artaraq təxminən 333 trilyon vona çatacağını proqnozlaşdırırlar.

Bu addım ötən il də bonus ödənişləri ilə bağlı razılıq əldə edən Cənubi Koreyanın rəqib şirkəti “SK Hynix”in oxşar qərarından sonra atılıb. Mükafatların həcmi əsasən “Samsung”un gəlirlərindən və çiplərə olan tələbdən asılı olacaq.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram