"Samsung" dünyanın ən dəyərli 10 şirkətinin siyahısına daxil oldu | Banco.az

"Samsung" dünyanın ən dəyərli 10 şirkətinin siyahısına daxil oldu

Müəllif:Mehin Qasımova,Banco.az

Qlobal süni intellekt bumu  texnologiya nəhənglərinin birja dəyərlərində tarixi yerdyişmələrə səbəb olub.

Banco.az xəbər verir ki, Cənubi Koreyanın texnologiya nəhəngi "Samsung Electronics" birja əməliyyatları zamanı qısamüddətli qiymət dalğalanmaları sayəsində bazar kapitallaşması baxımından dünyanın ən böyük 10 korporasiyası siyahısına daxil olmağı bacarıb.

"CompaniesMarketCap" portalının məlumatına görə, səhmlərində qeydə alınan 1,29%-lik artım "Samsung"un bazar dəyərini 1,535 trilyon dollara çatdırıb. Şirkət bu sıçrayışla ABŞ-nin "Meta Platforms" (Facebook, Instagram) korporasiyasını müvəqqəti də olsa geridə qoyaraq reytinqdə 10-cu pilləyə yüksəlib. Həmin vaxt "Meta"nın kapitallaşması 1,524 trilyon dollar təşkil edib.

Hazırda bazarda aktiv hərəkətlilik davam edir və "Samsung" 1,522 trilyon dollarla 11-ci yerdə mövqeyini qoruyur.

Süni intellekt çiplərinin əsas tədarükçüsü olan "Nvidia" birja dəyərinə görə dünya nəhənglərini qabaqlayaraq reytinqin zirvəsində qərarlaşıb. Bazarın ilk onluğu aşağıdakı kimidir:

  Şirkət Ölkə Bazar Dəyəri (Trilyon $)
1 Nvidia ABŞ 5,434
2 Alphabet (Google) ABŞ 4,513
3 Apple ABŞ 4,498
4 Microsoft ABŞ 3,420
5 Amazon ABŞ 2,810
6 TSMC Tayvan 2,259
7 Broadcom ABŞ 2,177
8 Saudi Aramco Səudiyyə Ərəbistanı 1,763
9 Tesla ABŞ 1,561
10 Meta Platforms ABŞ 1,524