Müəllif:Ayşən İmanova/Banco.az
Cənubi Koreyanın elektronika istehsalçısı “Samsung” Vyetnamda OLED-displey zavodunun tikintisinə 1,8 milyard dollar sərmayə qoymağı planlaşdırır.
Banco.az xəbər verir ki, bu barədə “Reuters” məlumat yayıb.
Məlumata görə, yeni müəssisə ölkənin şimalında “Samsung” kompaniyasının hazırda mövcud olan digər zavodunun yaxınlığında tikiləcək.
Agentlik qeyd edir ki, son on ildə Vyetnam texnologiya şirkətləri üçün istehsalın lokallaşdırılması istiqamətində ən populyar yerlərdən birinə çevrilib.
Belə ki, “Samsung” bu ölkədə indiyədək altı zavod, həmçinin tədqiqat və inkişaf mərkəzi yerləşdirib. Cənubi Koreya korporasiyasının Vyetnama yatırdığı investisiyanın həcmi 22,4 milyard dollara çatıb.
Qeyd edək ki, “Samsung” 2024-cü ilin ikinci rübündə əməliyyat mənfəətinin 10,4 trilyon vona (təxminən 7,5 milyard dollar) çatdığını elan edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 15 dəfə çoxdur. 2023-cü ilin ikinci rübündə bu rəqəm 668 milyard von (487 milyon dollar) olub.
Bizi sosial şəbəkələrdən izləyin!!