Samir Əliyev: "Bank sektorunun kredit qoyuluşu tormozlanıb". | Banco.az

Samir Əliyev: "Bank sektorunun kredit qoyuluşu tormozlanıb".

Devalvasiyadan sonra banklar manatla verilən kreditlərin demək olar ki, dayandırıblar. Tək-tük bank hazırda milli valyutada kredit verir. Onun şərtləri ağır olduğundan hamı üçün əlçatan deyil. Bank sektorunun kredit qoyuluşu faktiki olaraq tormozlanıb. Banklar xarici valyutada kredit təklif edir, əhali və sahibkarlar isə manatla kredit istəyir. Hər ikisi özünü potensial devalvasiyadan qorumaq üçün dollarda borc verib, manatla borc almaq istəyirlər. Əhali sürətli şəkildə əmanətlərini dollara çevirirlər. 2015-ci ilin yanvar-fevral aylarında dollar əmanətlərinin payı 38,5%-dən 62,3%-ə yüksəlib. Bu müddətdə dollar kredit qoyuluşunda da mövqeyini möhkəmləndirərək payını 27,3%-dən 40,5%-ə yüksəldə bilib. Maraqlı odur ki, ümumi kredit qoyuluşunda dolların xüsusi çəkisinin sürətli artımı fonunda istehlak kreditlərində payı cəmisi 31% təşkil edib. Halbuki 2 ay öncə 24,6% olub.

Banklar hazırda əsasən dollar krediti təklif edir. Bir tərəfdən xarici öhdəlikləri, digər tərəfdən depozitlərin dollarlaşması bankların manatla kredit vermək imkanlarını məhdudlaşdırır. Üstəgəl cəmi öhdəliklərin yarısını təşkil edən və ildən-ilə artan xarici öhdəliklər bankların devalvasiya gözləntilərinə qarşı həssaslığını artırır. Kreditləşmənin indiki səviyyəsi təkcə əhali və sahibkarlar üçün deyil, həmçinin banklar üçün problem yaradır. Bankların faiz gəlirlərinin azalması baş verəcək ki, bu da kredit təşkilatlarının onsuz da yaxşı olmayan maliyyə vəziyyətini daha da pisləşdirəcək. Fikrimcə, banklar kredit strategiyasına dəyişiklik etməlidir. Bunun ən uğurlu yolu dollarla verilən kreditlərin faiz dərəcəsinin aşağı salınması ola bilər. Bank əmanət cəlbində dollar əmanətlərinin faizini kəskin azaldıblar. Artıq manat əmanətləri ilə dollar əmanətləri arasında fərq xeyi artıb. Yəni, dollarla vəsait cəlbi nisbətən ucuzlaşıb. Bu ucuzlaşmadan istifadə edərək banklar təcili sürətdə dollarla kredit təklifini əhəmiyyətli yumşaldaraq faiz dərəcəsini aşağı salmalıdır. Bu halda əhali ucuz dollar kreditinə üz tuta bilər.

Ən sərfəli kredit üçün müraciət et

Ən sərfəli krediti almaq üçün müraciət et