Sahibkarların kreditləşdirilməsi artırılacaq | Banco.az

Sahibkarların kreditləşdirilməsi artırılacaq

Sahibkarlığa Kömək Milli Fondu (SKMF) müvəkkil kredit təşkilatları vasitəsilə Azərbaycanda sahibkarlara 295 mln. manat güzəştli kreditin verilməsini planlaşdırır. Bu barədə İqtisadiyyat və Sənaye Nazirliyinin məlumatında deyilir.

Xəbər verildiyi kimi, 2013-cü ildə SKMF-in xətti ilə sahibkarların kreditləşdirilməsinin həcmi 275 mln. manat təşkil edib. Beləliklə, 2014-cü ildə fondun xətti ilə biznes strukturlarının kreditləşməsi 7,3% artacaq.

Məlumatda qeyd edilir ki, 2014-cü ilin əvvəlindən fondun vəsaiti hesabına 5,472 layihə maliyyələşdirilib, kreditləşmənin həcmi 284,4 mln. manat təşkil edib, yeni yaradılan iş yerlərinin sayı 12 mini ötüb. Cümə axşamı SKMF Saatlı rayonunda sahibkarlığa dövlət dəstəyi üzrə tədbir təşkil edib. Tədbirdə 80-ə yaxın sahibkar iştirak edib.

Ən sərfəli kredit üçün müraciət et

Nazirliyin məlumatında fondun icraçı direktoru Şirzad Abdullayevə istinadən bildirilir ki, indiyədək SKMF-in xətti ilə Aran iqtisadi rayonunda sahibkarlar 9332 investisiya layihəsinin maliyyələşdirilməsi üçün 407 mln. manat məbləğində güzəştli kredit alıb. Layihələr çərçivəsində 32,5 mindən çox yeni iş yeri açılıb.

“Cümə axşamı tədbir çərçivəsində 58 sahibkarlıq subyekti ümumilikdə 627,5 min manat məbləğində güzəştli kredit alıb. Kredit vəsaitləri heyvandarlıq, tərəvəzçilik, üzümçülük və s. sahələrdə layihələrin reallaşdırılması üçün ayrılıb. Bu layihələrin kreditləşdirilməsi 90-a yaxın yeni iş yerinin açılmasına imkan yaradacaq”, - deyə məlumatda vurğulanıb.

SKMF 1992-ci ildə yaradılıb. Kreditlərin verilməsi zamanı 47 bank və qeyri-bank kredit təşkilatı fondun agentləri qismində çıxış edir.