Müəllif:Gülbəniz Hüseynli/Banco.az
“Elektron kredit-təminat sistemi sahibkarın kreditə qısa zamanı əlçatımlığına xidmət edəcək”.
Bu fikirləri Banco.az-a iqtisadçı Fuad İbrahimov deyib. Ekspert bildirib ki, sistem haqqında daha detallı proqram işə düşdükdən sonra bilmək mümkün olacaq:
“Sahibkarlığın inkişafı istiqamətində əsas göstəricilərdən biri, maliyyə dəstəyidir. Əlçatan maliyyə dəstəyi olmasa, hər hansısa bir formatda kreditlərin verilməsi yubanarsa, əngəllər törədirlərsə həmin biznes layihəsinin reallaşması arzu olaraq o sahibkarın ürəyində qalır.
Azərbaycanda bir çox sahələr üzrə müasir dövrün tələblərinə uyğun elektronlaşma sistemi aparılır. Bir telefon vasitəsilə biz artıq heç bir yerə getmədən bir çox xidmətlərdən yararlana bilir, elektron ticarət platformalarında işlərimizi həyata keçirə bilirik. Elektron kredit-təminat sistemi də bu qəbildəndir. Bu sistem sahibkarların güzəştli kreditlərə çıxış imkanlarının artırılmasına genişləndirəcək”.
Azərbaycanda bu qəbildən olan elektron tətbiqlərin müasir dövrün tələblərinə cavab verdiyini qeyd edən iqtisadçı hesab edir ki, elektron kredit-təminat sistemi işə başladıqdan sonra regionlarda sahibkarlığın inkişafına çox rahat bir imkan yaradacaq:
“Eyni zamanda bu sistemin tətbiqi təbliğatı da gücləndirəcəkdir. Sadəcə olaraq, sahibkar bu sistemə daxil olmaqla öz müraciətini dərhal elektron formada mərkəzə göndərə biləcək. Müraciət artıq mərkəz tərəfindən araşdırıldıqdan sonra kreditlərin ayrılması ilə birbaşa məşğul olan qurum onu dəyərləndirib ən qısa zamanda, optimal səviyyədə olan faiz dərəcəsi ilə kredit ayrılacaq”.
Qeyd edək ki, İqtisadiyyat Nazirliyi yanında Sahibkarlığın İnkişafı Fondunun İdarə Heyətinin sədri Osman Xaliyev bildirib ki, Azərbaycanda elektron kredit-təminat sisteminin 2024-cü ilin fevral ayından sahibkarlar üçün əlçatan olacaq.
Bizi sosial şəbəkələrdən izləyin!!