Sahibkarlara 262 mln. manat güzəştli kredit verilib | Banco.az

Sahibkarlara 262 mln. manat güzəştli kredit verilib

 Bu gün İqtisadiyyat və Sənaye Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu (SKMF) sahibkarlığın güzəştli kreditləşdirilməsi məsələlərinə dair növbəti işgüzar forumu Qax rayonunun Qorağan kəndində keçirib.

Nazirlikdən  verilən məlumata görə, işgüzar forumda 80-ə yaxın sahibkar iştirak edib.

SKMF-in şöbə müdiri Arif Vəliməmmədov bildirib ki, ümumilikdə indiyədək Şəki-Zaqatala iqtisadi rayonunda fəaliyyət göstərən sahibkarlıq subyektlərinin 1 662 investisiya layihəsinin maliyyələşdirilməsinə 92 mln. manat güzəştli kredit verilib. O bildirib ki, digər sahələrlə yanaşı, müasir texnologiyaların tətbiqinə əsaslanan logistika mərkəzlərinin, quşçuluq, intensiv bağçılıq, üzümçülük təsərrüfatlarının, heyvandarlıq komplekslərinin, ət və süd emalı, tikinti materialları istehsalı müəssisələrinin yaradılması və s. sahələr üzrə investisiya layihələri maliyyələşdirilib, 8 600-ə yaxın yeni iş yerinin açılması imkanı yaradılıb.

Ən sərfəli kredit üçün müraciət et

İşgüzar forum çərçivəsində Qax və ətraf rayonlardan olan 47 sahibkara 892,5 min manat güzəştli kredit verilib. Verilmiş kreditlər əsasən, heyvandarlıq, taxılçılıq, arıçılıq, çörək və mebel istehsalı sahələrin inkişafına yönəldiləcəkdir. Bu kreditlərin reallaşdırılması hesabına 80-dən çox yeni iş yerinin açılması mümkün olacaq.

Ümumilikdə, bu il ərzində respublika üzrə 4 872 sahibkara 261,8 mln. manat güzəştli kredit verilib ki, bu kreditlərdən istifadə etməklə investisiya layihələrinin reallaşdırılması 10 600-dən çox yeni iş yerinin yaradılmasına imkan verir.