Sahibkarlar üçün ən sərfəli bank hesabları hansı bankdadır? - ARAŞDIRMA | Banco.az

Sahibkarlar üçün ən sərfəli bank hesabları hansı bankdadır? - ARAŞDIRMA

Bankların müştərilərini 3 qrupa ayırsaq, bunlardan digər ikisi sahibkar və hüquqi şəxslərdir. Fiziki şəxslərdə olduğu kimi sahibkar (hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti göstərən şəxs) və hüquqi şəxslər üçün  də banklar kredit, depozit, bank hesablarının açılması, pul köçürmələri və s. kimi xidmətlər göstərir. Bu araşdırmada sahibkar və hüquqi şəxslərin bank hesablarının açılmasından və bu hesablardan nağdlaşdırma üzrə komissiyaları ilə tanış olacağıq.

Bu hesablar vasitəsilə ölkə daxilində və ölkə xaricinə vəsait göndərə və qəbul edə, əmək haqqı ödənişlərini icra etmək üçün açılır.

Bu qrupa daxil olan şəxslər bank hesabı açmaq üçün ilk növbədə banka bir sıra sənədlər təqdim etməlidir. Bu sənədlər bank hesabının sahibkar və ya hüquqi şəxs olmasından asılı olaraq dəyişir. İlk növbədə sahibkar hesabları üçün tələb olan sənədlərə diqqət yetirək. Bu sənədlər də sahibkarın rezident və ya qeyri-rezident olmasından asılı olaraq dəyişir.

  • Ərizə;

  • Fərdi sahibkarın şəxsiyyətini təsdiq edən sənəd;

  • Vergi orqanı tərəfindən verilmiş şəhadətnamə-dublikatın əsli;

  • İmza və möhür nümunələri vərəqəsi;

  • FATCA/CRS tələblərinə uyğun özünüqiymətləndirmə anketi.

İndi isə hüquqi şəxslərin bank hesabı açmaq üçün banka təqdim etməli sənədləri nəzərdən keçirək.

  • Ərizə;

  • İmza və möhür nümunələri vərəqəsi;

  • Hüquqi şəxsin Nizamnaməsinin notariat qaydasında təsdiq edilmiş surəti;

  • Hüquqi şəxslərin dövlət reyestrindən çıxarışın (ən son dəyişiklikləri əks etdirməklə) notariat qaydasında təsdiq edilmiş surəti;

  • Vergi orqanı tərəfindən verilmiş şəhadətnamə-dublikatın əsli;

  • FATCA/CRS tələblərinə uyğun özünüqiymətləndirmə anketi.

Bundan əlavə, hesaba sərəncam vermək (imza) hüququ olan şəxslərin şəxsiyyət vəsiqəsi, bununla bağlı təsdiq olunmuş protokol və ya qərar, təsisçi və benefisiar şəxslər barədə əlavə sənədlər tələb oluna bilər.

Ən sərfəli kredit üçün müraciət et

Banka təqdim edilmiş sənədlər bankın əməkdaşları və hüquqşünasları tərəfindən yoxlandıqdan sonra hesabın açılması üçün qərar qəbul edilir. Əgər sənədlərdə heç bir uyğunsuzluq yoxdursa, müəssisəyə imzalanmış bank hesabı müqaviləsi təqdim edilir. Bank hesabının açılması bəzi banklarda onlayn formada da mümkündür. 

Bank hesabı açıldıqda artıq hesabla bağlı əməliyyatları həyata keçirə bilərsiniz. Açılan hesabları isə onlayn formada idarə edə bilərsiniz. Lakin bəzən hesabda olan məbləği nağdlaşdırmağa ehtiyac yaranır. Digər xidmətlər kimi nağdlaşdırma zamanı da komissiya tutulur. Bu komissiya banklardan asılı olaraq dəyişir. Lakin hesabdan istənilən qədər məbləğ nağdlaşdırıla bilməz. Bu limiti  "Nağdsız hesablaşmalar haqqında" qanunla müəyyən olunur. Belə ki, qanunun 3.3-cü maddəsinə əsasən, ƏDV məqsədləri üçün qeydiyyata alınmış və vergi tutulan əməliyyatlarının həcmi ardıcıl 12 aylıq dövrün istənilən ayında (aylarında) 200 min manatdan artıq olan ticarət və ictimai iaşə fəaliyyəti ilə məşğul olan vergi ödəyiciləri təqvim ayı ərzində 30 (otuz) min, digər vergi ödəyiciləri isə təqvim ayı ərzində 15 (on beş min) manatdan artıq vəsaiti nağdlaşdıra bilməzlər.

Onu da vurğulayaq ki, nağdlaşdırma zamanı bankın komissiyasından əlavə 1% vergi tutulur ki, bu da Vergilər Məcəlləsinə əsasən tənzimlənir.

İnfoqrafik: Tahir Əsgərli, Banco.az

Tərlan Qəhrəmanova. Banco.az

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram