Sahibkar hesablarına nə zaman sərəncam qoyulur? | Banco.az

Sahibkar hesablarına nə zaman sərəncam qoyulur?

Müəllif:Gülbəniz Hüseynli/Banco.az

Yerli sahibkarlar bank hesablarına sərəncamların tətbiqi mexanizmindən narazılıq edirlər.

Banco.az-ın məlumatına görə, bu barədə şikayətlənən sahibkarlar hesab edirlər ki, Dövlət Vergi Xidmətinin şirkət hesablarına sərəncam verərək pulu çəkməsi funksiyasında təkmilləşdirmə olunmalıdır.

Onların fikrincə, məhkəmə qərarı olmadan sahibkarlıq subyektlərinə aid bank hesabından pul çəkilə bilməz. Ekspertlər son zamanlar sahibkarlıq subyektlərinin artan çətinlikləri ilə yanaşı bu amilin də biznesi iflic vəziyyətə salacağı düşüncəsindədirlər.

Məsələ ilə bağlı Banco.az İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə müraciət edib. Sorğumuza cavab olaraq Dövlət Vergi Xidmətin mətbuat xidmətinin rəhbəri Şahin Məmmədov bildirib ki, bank hesablarına sərəncamların tətbiqi mexanizmi üçün məhkəmə qərarına gərək yoxdur:

“Ödəyicinin borcu yaranarsa əvvəlcə onun şəxsi kabinetinə və mobil nömrəsinə müvafiq bildirişlər göndərilir. Qanunvericilikdə  müəyyən edilmiş gözləmə müddəti bitənə qədər  ödəniş həyata keçirilməsə vergi xidməti həmin borc məbləğində vəsaitin ödəyicinin hesablarından tutulması üçün banka sərəncam göndərə bilir. Əgər vergi ödəyicisi məbləğlə razı deyilsə (hərçənd əksər hallarda halda bu onun özünün verdiyi bəyannamə məlumatları ilə müəyyən edilir), o inzibati şikayət verə bilər. Bildirim ki, şikayətə baxıldığı müddət ərzində sərəncamın icrası həyata keçirilmir”.

Ş.Məmmədov qeyd etdi ki, bu məsələdə qeyri-qanuni heç nə yoxdur, kifayət qədər aydın, qanunla müəyyən edilən mexanizmdir.

Nazirliyin sözçüsü 2024-cü ildə bank hesablarına sərəncamların tətbiq mexanizminin təkmilləşdirildiyini xatırladaraq əlavə etdi ki, bu vergi ödəyicilərinin xeyrinə hesablanmış addımdır:

“Vergi inzibatçılığının təkmilləşdirilməsi məqsədilə Vergi Məcəlləsinə edilmiş mühüm dəyişikliklərdən biri də bank hesablarına sərəncamların tətbiq mexanizminin təkmilləşdirilməsi ilə bağlıdır. Belə ki, vergi ödəyicisi öhdəliyini qanunvericiliklə müəyyənləşdirilmiş müddətdə yerinə yetirmədikdə vergi orqanı onun bir neçə kredit və ya elektron pul təşkilatında olan hesablarına, yaxud eyni kredit və ya elektron pul təşkilatında olan bir neçə hesabına borc məbləğinin 105 faizi həcmində pul vəsaitinin məxaric əməliyyatları üzrə dondurulması haqqında sərəncam göndərir”.

Qeyd edək ki, Vergi Məcəlləsinə edilmiş son dəyişikliyə əsasən, sərəncam vergi ödəyicisinin bir neçə kredit və ya elektron pul təşkilatında olan hesablarına verildikdə və borc məbləği vergi ödəyicisinin hesablarından hər hansı biri üzrə dondurulduqda, ödəyicinin müraciəti əsasında həmin vəsaitin dondurulmasını təmin edən kredit və ya elektron pul təşkilatı bu barədə məlumatı vergi orqanına elektron qaydada təqdim edir. Bu halda həmin məlumat əsasında digər kredit və ya elektron pul təşkilatlarında olan hesablara verilən sərəncamların vergi orqanı tərəfindən 1 iş günü müddətində geri qaytarılması təmin olunur.

Həmçinin, vergi ödəyicisinin eyni kredit və ya elektron pul təşkilatında olan bir neçə hesabına sərəncam verildikdə və borc məbləği bu hesablardan hər hansı biri üzrə dondurulduqda, vergi orqanı həmin kredit və ya elektron pul təşkilatının elektron müraciəti əsasında digər hesablar üzrə sərəncamların 1 iş günü müddətində geri qaytarılmasını təmin edir.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram