Sabit vergi ödəyiciləri hansı hallarda cərimələnə bilər? | Banco.az

Sabit vergi ödəyiciləri hansı hallarda cərimələnə bilər?

Sabit vergi fərdi şəkildə fəaliyyət göstərən fiziki şəxsin gəlirindən və dövriyyəsindən asılı olmayaraq ödədiyi dəyişilməz vergi məbləğdir. Sabit vergi ödəyicilərinin diqqət yönəltməli olduğu başlıca məqamlardan birinə iqtisadçı ekspert Şəms Hüseynova aydınlıq gətirir.

Vergi Məcəlləsinin 220.10-cu maddəsində nəzərdə tutulan fəaliyyət növləri ilə fərdi qaydada (muzdlu işçi cəlb etmədən) məşğul olan bu Məcəllənin 218.4.4-cü maddəsində göstərilən fiziki şəxslər fəaliyyətə başlayanadək vergi orqanından “Sadələşdirilmiş vergi üzrə sabit məbləğin və məcburi dövlət sosial sığorta haqqının ödənilməsi haqqında qəbz” almalıdırlar. Həmin qəbz yazılı müraciət etdikdə iki iş günündən gec olmayaraq, elektron qaydada müraciət etdikdə isə real vaxt rejimində verilir. Şəxs öz istəyinə uyğun olaraq növbəti ay, rüb, yarım il və ya il üçün “Sadələşdirilmiş vergi üzrə sabit məbləğin və məcburi dövlət sosial sığorta haqqının ödənilməsi haqqında qəbz” ala bilir. Qəbz almadan fəaliyyət göstərən fiziki şəxslər üçünsə qanunvericilikdə məsuliyyət tədbirləri nəzərdə tutulub.

Vergi qanunvericiliyinə görə, “Sadələşdirilmiş vergi üzrə sabit məbləğin və məcburi dövlət sosial sığorta haqqının ödənilməsi haqqında qəbz” almadan sahibkarlıq fəaliyyətinin həyata keçirilməsinə görə vergi ödəyicisinə təqvim ili ərzində belə hallara birinci dəfə yol verildikdə, həmin fəaliyyət növünə görə müəyyən olunmuş aylıq sabit vergi məbləğinin 40 faizi miqdarında maliyyə sanksiyası tətbiq edilir. Təqvim ili ərzində belə hallara iki və daha çox dəfə yol verildikdə həmin fəaliyyət növünə görə müəyyən olunmuş aylıq sabit vergi məbləğinin 100 faizi miqdarında maliyyə sanksiyası tətbiq edilir.

Məcəllənin 220.11-ci maddəsində isə göstərilib ki, bu Məcəllənin 220.10-cu maddəsində nəzərdə tutulan fəaliyyət növləri ilə məşğul olan fiziki şəxslər üçün aylıq verginin məbləği aşağıdakı əmsallar tətbiq etməklə müəyyən edilir:

• Bakı şəhərində (kənd və qəsəbələr daxil olmaqla) – 2,0;

• Gəncə, Sumqayıt və Xırdalan şəhərlərində - 1.5;

• Abşeron rayonunun qəsəbə və kəndləri (Xırdalan şəhəri istisna olmaqla), Şirvan, Mingəçevir, Naxçıvan, Lənkəran, Yevlax, Şəki və Naftalan şəhərlərində - 1,0;

• Digər rayon (şəhər) və qəsəbələrdə (kəndlərdə) – 0,5.

Ən sərfəli kredit üçün müraciət et

Misal 1: Fiziki şəxs Bakı şəhərində 1 yanvar 2021-ci ildə bərbər kimi fəaliyyətə başlayıb. “Sadələşdirilmiş vergi üzrə sabit məbləğin və məcburi dövlət sosial sığorta haqqının ödənilməsi haqqında qəbz”i isə bir ay sonra – fevral ayının 1-də alıb.

Vergi Məcəlləsinin yuxarıda istinad etdiyimiz maddəsində fərdi qaydada bərbər fəaliyyəti ilə məşğul olan şəxslərə sadələşdirilmiş vergi üzrə aylıq sabit məbləğ 15 manat müəyyən edilib. Bununla yanaşı, Bakı şəhərində aylıq verginin məbləğinə 2,0 əmsalı da tətbiq edilir.

Bizim misalımızda bərbər qaydanı birinci dəfə pozduğuna görə sabit vergi məbləğinin 40 faizi miqdarında cərimə ödəməlidir:

15x2,0x40%=12 manat.

Bərbər sonradan qaydanı pozmuş olsa, həm vergini, həm də ödədiyi verginin 100 faizi miqdarında cəriməni ödəməli olacaq:

15x2,0x100%= 30 manat.

Hər cür maliyyə sanksiyasından qorunmağın yeganə və etibarlı yolu isə Konstitusiya borcuna əməl etmək – vergiləri tam və vaxtında ödəməkdir.

vergilər.az

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et