Rusiyadan taxıl ixracına qadağa: Azərbaycanda çörəyin qiyməti qalxa bilərmi? | Banco.az

Rusiyadan taxıl ixracına qadağa: Azərbaycanda çörəyin qiyməti qalxa bilərmi?

Müəllif:Gülbəniz Hüseynli/Banco.az

Xəbər verdiyimiz kimi, Rusiya hökuməti bərk buğdanın ixracına müvəqqəti qadağa tətbiq edir.

Müvəqqəti məhdudiyyət hökumətin sərəncamı dərc edildiyi andan qüvvəyə minir və 31 may 2024-cü il tarixinədək qüvvədə olacaq.

Banco.az xəbər verir ki, Rusiya Kənd Təsərrüfatı Nazirliyinin mətbuat xidməti daha əvvəl bildirmişdi ki, istehsalçı ölkələrin böyük əksəriyyətində əlverişsiz aqrometeoroloji şərait səbəbindən cari kənd təsərrüfatı mövsümündə (1 iyul 2023-cü il - 30 iyun 2024-cü il) dünyada bərk buğda məhsulu son 20 ilin minimum səviyyəsinə enəcək.

Proqnozlara görə, istehsal 31,3 milyon tondan az olacaq ki, bu da əvvəlki mövsümlə müqayisədə 7-8% aşağıdır. Məhsul istehsalı göstəricisi Şimali Amerikada 20%, o cümlədən Kanadada - 30%, ABŞ-da - 7%, Meksikada - 4% azalacaq; Şimali Afrikada - 11%, o cümlədən Əlcəzairdə - 11%, Tunisdə - 53%; Fransada - 6%, Qazaxıstanda - 38% həddindədir. İstehsalın aşağı düşməsi nəticəsində Rusiya vəziyyətdən çıxış yolu üçün  bərk buğda əkin sahələrini artırmaq niyyətindədir.

Bərk buğda daha çox makaron istehsalına istifadə edilsə də,  Azərbaycanda bu taxıl növündən çörək istehsalında da istifadə edənlər var.

2022-ci ildə Rusiyadan Azərbaycana bərk buğda idxalı 776 ton olsa da, 2023-cü  ildə bu rəqəm artaraq 10 ay ərzində 1447 ton olub.

İdxala qoyulan qadağanın  ölkədə çörək qiymətlərinə təsirləri barədə danışan iqtisadçı Natiq Cəfərli bildirdi ki, Azərbaycanda  bərk buğdada çörək istehsalında cuzi istifadə olunur:

“Azərbaycanda bərk buğdaya tələbat böyük deyil. Təqribən iki milyon tona yaxın taxıl idxalımız var. Bərk buğda isə burada 15-20 faiz təşkil edir. Biz özümüzü yalnız 25% öz istehsalımız hesabına təmin edirik. İstənilən halda Rusiyanın idxala qadağa qoyması digər təchizatçı ölkələrdə də qiymət artımına səbəb olacaq. Hesab edirəm ki,  çatışmazlığı qiymət artımı ilə kompensasiya etməyə çalışacaqlar.

Ən sərfəli kredit üçün müraciət et

Bərk buğda idxalına qoyulan qadağa Azərbaycanda  bir neçə aydan sonra hiss olunacaq. Amma bizim bu məsələdə üstünlüyümüz var. Azərbaycanın təqribən 230 günlük strateji buğda ehtiyatları var.Hətta dünya bazarında taxıl qıtlığı kimi ciddi bir gərginlik yaransa belə, həmin strateji ehtiyatlardan istifadə etməklə daxili bazarda müəyyən tənzimləmələr etmək mümkün ola bilər”.

Ümumiyyətlə, iqtisadçılar hesab edirlər ki, Rusiyanın daxili bazarı təmin etmək üçün verdiyi bu qərar Azərbaycana çörək və makaron məmulatlarının qiymətlərinə təsirləri cuzi ola bilər.

Ölkəyə taxıl idxalı təkcə Rusiyadan gəlmir. Azərbaycan bazarına Rusiyadan sonra ikinci ən böyük buğda tədarükçüsü Qazaxıstandır. Cari ilin doqquz ayı ərzində Azərbaycan 149,9 min ton Qazaxıstan buğdası idxal edib ki, bu da ötən ilin eyni dövründə 54,5 milyon dollar dəyərində olan 160 min ton buğda ilə müqayisədə 50,4 milyon dollara başa gəlib.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et