Müəllif:Gülbəniz Hüseynli/Banco.az
Rusiya vətəndaşları ötən ay rekord həcmdə ABŞ valyutası satıblar.
Banco.az Rusiya Federasiyası Mərkəzi Bankının açıqladığı statistikaya istinadən xəbər verir ki, ötən ay Rusiya vətəndaşları 55 milyard rubl ekvivalentində ABŞ valyutasını satıblar.
Analitiklərin bildirdiyinə görə, rusların kütləvi şəkildə dollardan imtina etməsinin əsasən üç səbəbi var.
Birinci səbəb, Rusiya Mərkəzi Bankının əsas faiz dərəcəsini davamlı olaraq artırmasıdır. Bu, bir çox vətəndaşı əmanətlərini banklara yerləşdirməyə təşviq edir. Bank statistikasına görə, insanlar kreditlərini vaxtından əvvəl ödəməyi dayandıraraq, əlavə pullarını faiz gəliri üçün depozitlərə yatırmağa üstünlük verirlər.
İkinci səbəb, dolların banklarda qəbulunda yaranan problemlərlə bağlıdır. Həm Rusiyada, həm də xaricdə ABŞ valyutasının qəbulunda çətinliklər müşahidə olunur. Əksər hallarda, köhnə və ya çirkli əskinaslar bəhanə gətirilərək dollar qəbulundan imtina edilir.
Üçüncü səbəb isə, dollardan uzunmüddətli əmanətlər üçün istifadə etməyin artıq təhlükəli və əlverişsiz hala gəlməsidir. Ekspertlərin fikrincə, hər yeni ayla birlikdə həm Rusiya hakimiyyəti, həm də xarici tərəflər rusiyalıların dollarlarına qarşı daha sərt məhdudiyyətlər tətbiq edirlər. Bu səbəbdən insanlar dollardan mümkün qədər tez ayrılaraq rubla keçməyə çalışırlar.