Tamara Mustafayeva, Banco.az
Rusiya Türkiyəyə uçuş məhdudiyyətinin müddətini 21 iyun tarixinədək uzadıb.
Banco.az xarici mətbuata istinadla bildirir ki, Rusiyanın koronavirusla mübarizə mərkəzi Türkiyəyə uçuşların 21 iyuna qədər həyata keçirilməyəcəyini elan edib.
Rusiyanın Tass agentliyindən bildirilənə görə, sözügedən qərarın əsas səbəbi kimi isə Türkiyədəki "kritik koronavirus şəraiti" göstərilib. Açıqlamada eyni qərarın Tanzaniya üçün də tətbiq ediləcəyi vurğulanıb.
Xatırladaq ki, Türkiyədə koronavirusa yoluxma sayının sürətlə artması səbəbilə Rusiya Türkiyə ilə qarşılıqlı aviareysləri 15 aprel - 1 iyun tarixləri üzrə dayandırmış, rus hava yolu şirkəti Aeroflot və Türk Hava Yolları tərəfindən həftədə təkcə iki uçuş həyata keçirilməsi qərarlaşdırılmışdı.
Tass agentliyinin xəbərinə görə, Rusiya 10 iyun tarixindən etibarən Yunanistan, Azərbaycan, Qətər, Özbəkistan, Tacikistan, Misir və Serbiya ilə həftəlik aviareyslərin sayını artırmağı planlaşdırır. İngiltərə ilə aviareyslər isə 2 iyun tarixindən etibarən yenidən başladılacaq.
Bizi sosial şəbəkələrdən izləyin!!