Rusiya öz “Vikipediya”sını yaradır    | Banco.az

Rusiya öz “Vikipediya”sını yaradır   

Vikipediyanın rus analoqu gündə 15 milyon insanın istifadəsi üçün nəzərdə tutulub. Bu da Rusiyadakı Vikipediya istifadəçilərinin ümumi sayından beş dəfə çoxdur. RBC təxminən 2 milyard rubl dəyərində olan layihənin konsepsiyasını öyrənib. 

Oktyabrın əvvəlində Böyük Rus Ensiklopediyası Elmi Nəşriyyat Evi ümummilli interaktiv ensiklopedik portala 2020-2022-ci illər üçün brendinq  xidmətləri və marketinq strategiyası təqdim etmək üçün tender elan edib. Layihə sənədlərində milli “Vikipediya”nın necə olması şərtləri qeyd olunub. Bu layihəyə büdcədən 1,989 milyard rubl ayrılıb və 2022-ci ili n sonunacan tamamlanması planlaşdırılır. 

Portal ideyası necə yarandı və mahiyyəti nədir 

2016-cı ildə, o dövrdə Rusiya Milli Kitabxanasının direktoru olmuş Aleksandr Vislı Böyük Rusiya Ensiklopediyasının əsasında “Vikipediyanın rəqibi” olacaq milli portalın yaradılacağını bildirmişdi. Elə həmin ildə də rus hökuməti milli ensiklopedik portalın yaradılması barədə sərəncam verdi. 

Həmçinin oxu: Mark Benioff yeni kapitalizm formasını təklif edib

Platformanın konsepsiyasında göstərilir ki, portal müasir bilikləri “eroziyadan”, internet istifadəçilərini isə saxta məlumatlardan qorumaq üçün hazırlanır. Onun vəzifəsi universal və sənaye ensiklopediyalarının yaradılması üzərində iş zamanı toplanmış etibarlı bilikləri qorumaq, həmçinin onları internet istifadəçiləri üçün əlçatan etməkdir. Şəbəkədə elmi, tarixi, statistik, demoqrafik məlumatlar da daxil olmaqla hər cür saxtalaşdırmaların artdığı bir dövrdə aktual, elmi cəhətdən təsdiqlənmiş və təhlükəsiz məlumat bazası yaratmaq zəruri tədbirdir. O da qeyd olunub ki, portaldakı məlumatlar dini və siyasi baxışlardan uzaq olacaq, həmçinin sırf elmi-məlumatlandırıcı xarakter daşıyacaq. 

Layihənin hədəf kütləsi 

Öyrənən və öyrədənlər (ali məktəb tələbələri, müəllimlər, elmi dərəcə sahibləri) 

Peşəkar araşdırmaçılar (elmi tədqiqatlarla əlaqəli peşələrdə çalışanlar) 

Peşəkar media orqanları, analitik xidmətlər 

Dövlət məmurları 

Özünü inkişaf etdirmək istəyənlər 

Portalın resurslarının uyğunlaşdırılaraq mərhələli şəkildə məktəblərin tədris proqramına daxil edilməsi planlaşdırılır. Konsepsiyanın müəllifləri Rusiyada portalın potensial auditoriyasının 10 milyon insan civarında olacağını güman edir. Lakin layihədə bunun hansı period üçün hesablandığı qeyd olunmayıb. Portalın arxitekturası gündə 15 milyon ziyarətçiyə xidmət etmək üçün uyğunlaşdırılmalıdır. Müqayisə etmək üçün “Mediascope”un məlumatına nəzər salaq. 2019-cu ilin iyul ayında 100 mindən çox əhalisi olan Rusiya şəhərlərində gündə 2.9 milyon və ayda 29.4 milyon istifadəçi “Wikipedia.org”dan istifadə edir. 

Ən sərfəli kredit üçün müraciət et

Layihədə iştirak Braziliya, Rusiya, Hindistan, Çin, CAR, İran və Kuba başda olmaqla bir sıra ölkələri maraqlandıra bilər. Belə ki, universal ensiklopediyanın ingilisdilli versiyası bu ölkələri bir çox cəhətdən xüsusilə də tarix və mədəniyyət haqqında məlumatlarda anqlosentrizmin qabarıq şəkildə özünü büruzə verməsinə görə qane etmir. 

Həmçinin oxu: Mark Zükerberq: “Heç kəs milyarder olmağa layiq deyil”

“Portala yerləşdirilmiş materiallar əsas etibarilə rus dilində olacaq, belə ki, bu, ümummilli rus portalıdır, qlobal portal deyil. Layihə inkişaf etdikcə Rusiyada yaşayan xalqların doğma dillərindəki və ya xarici dillərdəki materiallar bilik bazasına əlavə edilə bilər. Gələcəkdə tərəfdaşların təşəbbüsü ilə bütün məlumat silsiləsinin bir sıra xarici dillərə tərcümə edilməsi də mümkündür” ,— Anna Sinisına bildirib. 

Rus “Vikipediyası”nda nələr olacaq

Yeni portalın məzmununa 2004-2017-ci illərdə yaradılmış 35 cildlik Böyük Rusiya Ensiklopediyasının elektron versiyasının 80 mindən çox aktuallaşdırılmış və yenilənmiş məqaləsi, həmçinin ensiklopedik lüğətin istinad materialları daxil olacaq. Müəllif və ekspert qrupları, portalın elmi redaksiyası biliklər dairəsini genişləndirə və aktuallaşdıra biləcək. Portal eyni zamanda xarici mənbələrdən də informasiya toplayacaq. 

Hər hansı terminin izahı onun tərifini, lüğəvi və ensiklopedik məqaləsini, habelə mövzuya dair qısa biblioqrafiyanı ehtiva edəcək. Məlumat audio və video materiallar, həmçinin qrafika, illüstrasiyalar və s. ilə tamamlana da bilər. 

Ensiklopediya necə doldurulacaq 

Portalda bir neçə qeydiyyat növü olacaq: sadə (ad, elektron ünvan və onun təsdiqi) və genişləndirilmiş (Vahid identifikasiya və autentifikasiya sistemindən istifadə edərək daha çox məlumat təqdim edilməsi). Qeydə alınan istifadəçi ensiklopediyaya yeni material daxil etmək üçün təşəbbüs göstərə, məlumatlarını özü seçdiyi şəxsi səhifə yarada bilər. Qeydiyyatdan keçməmiş istifadəçi sadəcə materiallara baxa biləcək. 

Nigar Umaxanlı, Banco.az