Müəllif - Aida İsaq, Banco.az
Rusiya neftinin Şimali Avropaya tədarükü fevralın əvvəli ilə müqayisədə 90%-dən çox azalıb. Banco.az xəbər verir ki, gündəlik həcm 1,2 milyon bareldən 95 min barrelə düşüb.
Qeyd olunur ki, Rotterdam Rusiya neftinin Aralıq dənizi və Qara dəniz hövzələrindən kənarda dəniz daşınması üçün yeganə Avropa istiqamətidir.
Litva, Fransa, Polşa və Almaniya bir neçə ay əvvəl xammal idxalı üzrə Moskva ilə əməkdaşlıqdan imtina edib. Baltik limanlarına yüklənən neftin dörddə üçü isə hazırda Asiyaya göndərilir.
Hindistanda neft emalı zavodları Avropa İttifaqının sanksiyaları səbəbindən Rusiya neftini almaqdan ehtiyat edir. Rusiyadan ümumi xam neft tədarükləri noyabrın 18-nə kimi yeddi gün ərzində sutkada 2,57 milyon barelə düşüb. Bu isə doqquz həftənin minimum göstəricisidir.
Xatırladaq ki, sentyabrda ABŞ G7 və Avropa İttifaqından olan müttəfiqləri ilə birlikdə dekabrın 5-də Rusiya neftinin dəniz daşınmasına qadağa qoyulacağı bildirilmişdi. Tərəflər qazın qiymətinin məhdudlaşdırılması ilə bağlı razılığa gəlməyiblər.
Bizi sosial şəbəkələrdən izləyin!!