Rusiya kartofunun əsas alıcılarından biri Azərbaycan olub | Banco.az

Rusiya kartofunun əsas alıcılarından biri Azərbaycan olub

Rusiya 2016-cı ildə xarici ölkələrə 230 min ton həcmində kartof satıb. Rusiya kartofunun əsas alıcıları Azərbaycan və Ukraynanın şərq regionları olub.

Ötən kənd təsərrüfatı ilində (2015-ci il iyul-2016-cı il iyun) Rusiyanın kartof bazarı yüksək məhsuldarlıq dövrünü yaşayıb. 2015-ci ildə rəsmi statistikaya görə, 33,6 mln. ton kartof istehsal olunub. Bu, son beş ilin orta göstəricisindən 16% yüksəkdir.

Rusiya Statistika Komitəsinin məlumatına görə, əmtəəlik sektorun istehsal etdiyi məhsulun həcmi 7,5 mln. ton təşkil edib. Qalan məhsul isə özəl yardımçı təsərrüfatlar tərəfindən təmin edilib.

Ən sərfəli kredit üçün müraciət et

Məhsulun çoxluğu Rusiya bazarında 2016-cı ilin birinci yarısında qiymətlərin xeyli ucuzlaşmasına gətirib çıxarıb. İlin sonunu əksər təsərrüfatçılar hətta zərərlə başa vurub. Belə olan halda, əkin sahələrinin azaldılması barədə qərar verilib. Nəticədə, kənd təsərrüfatı sahələri 5% azaldılaraq, 193 min hektaradək, kəndli-fermer təsərrüfatları üzrə isə 4%, yəni 145 min hektara kimi azaldılıb. Ekspertlər cari, 2016-2017-ci kənd təsərrüfatı ilinin yekunlarının birmənalı olmayacağını proqnozlaşdırırlar.

Mənbə: Report.az