Rusiya bazarına maraq artıb | Banco.az

Rusiya bazarına maraq artıb

Dünya bazarında müşahidə olunan son hadisələr və yaranmış siyasi konyunktura Rusiya bazarına marağı artırıb. 

Dekabrın 10-16-da xarici investorların Rusiyanın fond birjalarına qoyduqları sərmayələri 451 mln. ABŞ dollarına çatıb. Bu məlumatı inkişaf etməkdə olan bazarlarda portfel investisiyaları araşdırma şirkəti (EPFR) açıqlayıb. Hesabata əsasən, bu, son 5 ildə Rusiyanın kapital bazarına ən böyük həftəlik investisiya olub.

Hesabat həftəsində ən çox artım "VanEck Vectors Russia ETF" birja fondunda qeydə alınıb. Həftə ərzində bu fondun aktivləri 33% artaraq 2,5 mlrd. dollara yüksəlib. "İShares MSCİ Russia ETF" fondu isə 16% artaraq 438 mln. dollara çatıb. ABŞ-ın "JPMorgan" bankının Rusiya səhmlərinə investisiya fondunun aktivləri isə noyabrın 29-dan dekabrın 16-dək 9% artıb.

Ən sərfəli kredit üçün müraciət et

Analitiklər Rusiyanın kapital bazarına yaranan marağı D.Trampın ABŞ prezidenti seçilməsi, neft qiymətlərinin artması və rublun dayanıqlılıq göstərməsi fonunda yüksək faiz gəliri təklif etməsi səbəbindən baş verdiyini bildirirlər. 

Rusiyanın "Finam" Şirkətlər Qrupunun analitiki Timur Niqmatulinə görə, 2017-ci ildə Rusiyanın kapital bazarında müsbət tendensiya davam edəcək və fond birjaları 10-15% artım göstərəcək: "Buna səbəb rublun sabitliyi fonunda kapital bazarına vəsait axınının güclənməsi olacaq. Səhmlərə maraq həmçinin Rusiya Bankının (Mərkəzi Bank) 2017-ci ildə uçot dərəcəsini azaltmağa davam etməsi səbəb olacaq".

Mənbə: Report.az