"Rusiya-Azərbaycan Regionlararası Forumu iki ölkə arasındakı münasibətlər üçün mühüm meydançadır" | Banco.az

"Rusiya-Azərbaycan Regionlararası Forumu iki ölkə arasındakı münasibətlər üçün mühüm meydançadır"

Bu gün Bakıda keçirilən VII Azərbaycan-Rusiya Regionlararası Forumu iki ölkə arasında münasibətlərin inkişafı üçün mühüm meydançadır. Bunu jurnalistlərə açıqlamasında Azərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov bildirib. 

“Hər il bu foruma 500-ə qədər iştirakçı qatılır. Rusiyanın fərqli quberniyaları, vilayət və əyalətləri, mərkəzi hakimiyyət orqanlarının nümayəndələri iştirak edirlər. Forum çərçivəsində iki ölkə arasında münasibətlər, iki ölkənin qeyri-hökumət təşkilatları və media arasındakı münasibətlər, habelə ötən bir ildə görülmüş işlər, o cümlədən keçən forumdan sonra qəbul edilmiş qərarların icrası ilə bağlı hesabatyönlü çıxışlar olub. Bu gün, həmçinin qarşıdan gələn il üçün regionlararası əlaqələrin genişləndirilməsi sahəsində təkliflər müzakirə olunacaq. Düşünürük ki, bugünkü regional, beynəlxalq münasibətlər şəraitində Rusiya ilə Azərbaycan arasındakı bu forum çox aktualdır və hər iki ölkənin xalqlarının maraqlarına cavab verir”, - deyə Ə.Həsənov qeyd edib. 

Ən sərfəli kredit üçün müraciət et

Rusiya Prezidentinin xarici ölkələrlə regionlararası və mədəniyyət məsələləri üzrə İdarəsinin rəisi Vladimir Çernov isə deyib ki, bugünkü forum yeni ideyaların əldə olunmasına, yeni imkanların yaranmasına kömək edəcəyinə əmindir. 

Həştərxan vilayətinin vitse-qubernatoru Konstantin Markelov isə ”Report”a bildirib ki, bu gün forum çərçivəsində Azərbaycan ilə Həştərxan vilayəti arasında iki sənəd imzalanacaq: “Birinci sənəd Həştərxan vilayətinin Nərimanov rayonunda yerləşən “Lotos” xüsusi iqtisadi zonasında transformatorların istehsalı üzrə ixtisaslaşan Azərbaycan şirkətinin zavod inşa etməsini nəzərdə tutur. Ümid edirik ki, bu müəssisə şirkətə Rusiya bazarına daxil olmağa imkan verəcək. Həmçinin, Bakının Nərimanov rayonu İcra Hakimiyyəti ilə Həştərxan vilayəti arasında imzalanacaq sənədə görə, Həştərxan vilayətində Azərbaycan İşgüzar Mərkəzi tikiləcək. Gələcəkdə isə Heydər Əliyev Fondu ilə əməkdaşlıq nəzərdə tutulub. Bu mərkəz Azərbaycan biznesinin Rusiyada qarşılıqlı əməkdaşlığı üçün mühüm meydança olacaq”.

Mənbə: Report.az

Ən sərfəli krediti almaq üçün müraciət et