Rubl və lirənin ucuzlaşması ölkəyə gətirilən məhsulların qiymətinə necə təsir edəcək? | Banco.az

Rubl və lirənin ucuzlaşması ölkəyə gətirilən məhsulların qiymətinə necə təsir edəcək?

Müəllif: Gülnar Əhmədli, Banco.az

Son bir neçə həftədir ki, qonşu ölkələrin valyutaları dollar qarşısında ucuzlaşmaqda davam edir. Xüsusilə lirə və rublda ardıcıl enmələr müşahidə edilir. Dollara nisbətən rublun məzənnəsi bu gün 90,23 olub. Dollar lirə qarşısında isə 0.14% bahalaşaraq 26.15 lirəyə çatıb.

Hazırda bu iki ölkə Azərbaycanın əsas ticarət tərəfdaşlarıdır. Belə ki, cari ilin 5 aylıq dövründə Azərbaycanın 22,9 milyard dollarlıq ticarət dövriyyəsinin 3,6 milyard dolları Türkiyənin, 1,8 milyard dolları isə Rusiyanın payına düşüb.

Bəs bu ölkələrdə milli valyutaların dəyərdən düşməsi həmin ölkələrdən Azərbaycana idxal edilən məhsulların ucuzlaşmasına səbəb ola bilərmi?

Mövzu ilə bağlı iqtisadçı Pünhan Musayev Banco.az-a bildirib ki, nəzəri cəhətdən valyuta məzənnəsi bahalaşdıqda bu, daxili bazarın xarici mallara meyilinin artması ilə nəticələnir: “Çünki bir valyutanın dəyərdən düşməsi digəri ilə bu valyutadan daha çox əldə edilməsi və beləliklə, həmin valyuta ilə ifadə olunan məhsul və xidmətlərdən daha çox alınması deməkdir. Əvəzində isə xarici alıcılar valyutası bahalanan ölkənin məhsullarını almaqda çətinlik çəkirlər. Bu da öz növbəsində valyutası bahalanan ölkənin rəqabətqabiliyyətinin azalmasına səbəb olur və vəziyyətdən asılı olaraq hətta devalvasiyaya da gətirib çıxara bilər”.

P. Musayevin sözlərinə görə, bu, eynilə 2015-cü ildəki kimi qonşu ölkələrin valyutasının kəskin ucuzlaşması nəticədə rəqabətqabiliyyətliliyini itirən ölkəmizin devalvasiyaya getməsinə səbəb olmuşdu: “İnflyasiya məsələsinə gəldikdə isə əsas etibarı ilə bu ölkənin xarici ticarətinin nə qədərinin xarici valyuta ilə həyata keçirməsindən asılıdır. Bununla belə, baxmayaraq ki, bu gün Azərbaycan idxalının 80%-dən çoxu dollar və avro kimi valyutalarla baş tutur, lakin manatın dollar qarşısında sabit kursu lirə və rublun dollar qarşısında itirdiyi dəyər qədər manata da nisbətdə ucuzlaşmasına səbəb olur. Bu baxımdan, ilk baxışdan bu valyutaların manat qarşısında ucuzlaşmasının idxalı da ucuzlaşdıracağı qənaətinə gələ bilərik”.

Ən sərfəli kredit üçün müraciət et

İqtisadçı bildirib ki, ancaq məzənnənin inflyasiya ötürücülüyünün müvəqqəti olduğunu nəzərə alsaq, hər iki valyutanın dəyər itirməsinin istehlak bazarımıza elə də ciddi təsir etməyəcəyini deyə bilərik: “Əlavə olaraq, vurğulamaq lazımdır ki, ölkəmizlə bu ölkələr arasında müxtəlif dövrlərdə imzalanan sərbəst ticarət sazişləri və eləcə də bir sıra malların qiymətinin dövlət tərəfindən tənzimlənməsi də daxili bazarda inflyasiya meyillərinin yüksəlməsinin qarşısını almağa öz təsiri göstərən amillərdən hesab olunmaqdadır. Ümumilikdə götürdükdə isə daxili bazarda inflyasiya templərinin azalmasının əsas drayverləri daxili bazarın özündən irəli gələn struktur məsələlərin həlli və dünya bazarlarında əmtəə-xidmət qiymətləri üzrə sabitliyin əldə edilməsidir”.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et