Müəllif: Gülnar Əhmədli, Banco.az
Hazırda qonşu ölkələrin - Rusiya və Türkiyənin milli valyutaları dollar qarşısında dəyər itirməkdə davam edir. Bu tendensiya artıq fasilələrlə bir neçə həftədir ki, müşahidə edilir. Hər iki valyuta dollarla yanaşı manat qarşısında da ucuzlaşır. Azərbaycan Mərkəzi Bankının bu günə açıqladığı rəsmi valyuta məzənnələrinə görə, 1 rubl 0.0176 manata, 1 Türk lirəsi isə 0.0627 manata enib. Bəs rubl və lirədə müşahidə edilən ucuzlaşmalar manatı da gözləyirmi? Manatın taleyi necə olacaq?
Banco.az xəbər verir ki, iqtisadçı-ekspert Vüqar Bayramov məsələ ilə bağlı sosial media hesabında bildirib ki, dollara nisbətdə rubl yeni psixoloji həddə yaxınlaşmaqdadır:
"ABŞ puluna nisbətən Rusiya valyutasının tezliklə üç rəqəmli həddədək ucuzlaşacağı da istisna deyil. Artıq Rusiyada 1 dollar almaq üçün 97 rubl ödəmək lazımdır. Son 1 ayda rubl 8.0 faiz dəyər itirib.
Türkiyədə lirə də yeni psixloji həddə yaxınlaşmaqdadır. Hazırda 1 dollar 27 lirə ilə dəyişdirilir. Ankaranın yeni iqtisadi siyasətinə rəğmən milli valyutanın ucuzlaşmasının qarşısını almaq mümkün deyil. Əslində, qısa müddətli dövrdə buna nail olmağın mümkünsüzlüyü öncədən də bəlli idi.
Hər iki valyutaya təzyiqlər davam edir. Türkiyədə məzənnənin sadəcə orta müddətli dövrdə stabilləşəcəyi gözlənilir. Sanksiyalar isə rublu sıxmaqdadır. Bu baxımdan, Rusiya iqtisadiyyatı ilə bağlı pozitiv olmayan proqnozlar da valyuta bazarına təsirsiz ötüşmür".
V. Bayramovun sözlərinə görə, sözügedən ölkələr Azərbaycanın əsas ticarət tərəfdaşlarındandır: "Rusiya Azərbaycanın ən böyük idxalçı tərəfdaşı və qeyri-neft ixracatında əsas partnyordur. Türkiyə Azərbaycanın ümumi ticarət dövriyyəsində və eləcə də qeyri-neft ixracatında ikinci ən böyük tərəfdaşdır.
Qonşu ölkələrin valyuta bazarlarında baş verənlərin manatın məzənnəsinə təsirlərinə gəldikdə isə, xatırlatmaq lazımdır ki, kursun müyyənləşməsində əsas iqtisadi faktorlar ölkəyə daxil olan valyutanın həcmi, eyni zamanda dövlət Neft Fondu tərəfindən hərraca çıxarılan valyutanın məbləğidir. Amma xarici tərəfdaşlarımızda milli valyutaların məzənnələri də əslində iqtisadi faktorlardan biridir.
Əsas ticarət tərəfdaşlarımızda milli valyutalarının dəyərsizləşməsi manatın nominal effektiv məzənnəsini möhkəmləndirir. Bu isə qeyri-neft ixracatına təsirsiz ötüşməyə bilər.
Azərbaycanda hələ ki, məzənnə rejiminə keçirilməyib. Mərkəzi Bank prosesə birbaşa intervensiya etmək imkanlarını qoruyub saxlayır. Ona görə də bu il manatın məzənnəsinin necə dəyişməsi birbaşa Azərbaycan Mərkəzi Bankının mövqeyindən asılı olacaq".
Qeyd edək ki, bu ilin birinci yarısında Azərbaycanla Rusiyanın ticarət dövriyyəsinin dəyəri təxminən 2,2 milyard dollar, Azərbaycanla Türkiyənin ticarət dövriyyəsinin dəyəri isə təxminən 3,9 milyard dollar təşkil edib.
Bizi sosial şəbəkələrdən izləyin!!