Robot istehsalçısı “Unitree” ilk ticarət günündə 460 faiz bahalaşıb | Banco.az

Robot istehsalçısı “Unitree” ilk ticarət günündə 460 faiz bahalaşıb

Müəllif: Tamara Mustafayeva, Banco.az

Robot istehsalçısı “Unitree” ilk ticarət günündə 460 faiz bahalaşıb.

Banco.az xəbər verir ki, “Unitree”nin səhmləri Şanxay Fond Birjasında texnologiya şirkətlərinin üstünlük təşkil etdiyi “Star Market” indeksində ilk ticarət günündə ilkin kütləvi təklif qiyməti olan 150,8 yuanın (22,3 dollar) 460 faiz üzərində, 845 yuandan (125,3 dollar) alınıb-satılıb.

Gün ərzində səhmlərin qiyməti 1100 yuana (163,1 dollar) qədər yüksəlib. Daha sonra müəyyən qədər geriləsə də, günü əhəmiyyətli artımla başa vurub.

40 milyon 450 min səhmini kütləvi satışa çıxaran şirkətin bazar dəyəri təxminən 50 milyard dollara çatıb.

Şirkətin açıqlamasında kütləvi satışdan əldə olunan vəsaitin ağıllı robot modelləri və avadanlıqları sahəsində tədqiqat və inkişaf işlərinə, həmçinin yeni məhsulların və istehsal infrastrukturunun hazırlanmasına yönəldiləcəyi bildirilib.

2016-cı ildə Çinin Xançjou şəhərində yaradılan “Unitree” dördayaqlı və insanabənzər robotlar, eləcə də onların mühərrik, induktor, sensor və idarəetmə mexanizmləri kimi əsas komponentlərini istehsal edir.

Çinin aparıcı robot istehsalçılarından olan şirkət 2025-ci ildə 5 min 500-dən çox insanabənzər robot istehsal edərək qlobal bazarda 32 faizlik paya sahib olub.

Şirkətin gəlirləri 2026-cı ilin ilk yarısında illik müqayisədə 48,5 faiz artaraq 1,15 milyard yuana (170 milyon dollar) çatıb.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram