Rivian IV rübdə xalis zərərini yarıya endirib, gəlir proqnozu üstələyib | Banco.az

Rivian IV rübdə xalis zərərini yarıya endirib, gəlir proqnozu üstələyib

Müəllif - Eldar Kərimov - Banco.az

 Amerikanın elektromobil istehsalçısı Rivian 2024-cü ilin dördüncü rübündə xalis zərərini yarıya endirib, eyni zamanda gəlirlər ekspertlərin proqnozlarını üstələyib.

Şirkətin mətbuat relizində bildirildiyi kimi, oktyabr-dekabr aylarında xalis zərər 743 milyon dollara və ya səhm başına 0,7 dollara düşüb, bu, ötən ilin eyni dövründəki 1,52 milyard dollar və ya səhm başına 1,58 dollarla müqayisədə azalma deməkdir.

Düzəliş edilmiş zərər səhm başına 46 sent təşkil edib ki, bu da FactSet tərəfindən sorğulan analitiklərin 68 sent gözləntisindən yaxşıdır.

Rivian-ın rüb gəlirləri 32% artaraq 1,73 milyard dollara çatıb. Konsensus-proqnoz 1,4 milyard dollar təşkil edirdi.

Şirkətin 2024-cü ildə mənfi düzəliş edilmiş EBIT-i 2,689 milyard dollar olub, bu, bir il əvvəlki 3,789 milyard dollarla müqayisədə azalma deməkdir.

Rivian 2025-ci ildə mənfi düzəliş edilmiş EBIT-ni 1,7-1,9 milyard dollar aralığında gözləyir. Şirkət 46-51 min elektromobil satmağı planlaşdırır ki, bu da keçən il satılan 51 579 avtomobillə müqayisədə satışların azalmasını nəzərdə tutur.

Kapital xərcləri 1,6-1,7 milyard dollar həcmində planlaşdırılıb.

Avtomobil istehsalçısı bu il xərclərin artmasını gözləyir, çünki ABŞ prezidenti Donald Trampın Kanada və Meksikadan gələn məhsullara idxal rüsumları tətbiq etmək planları şirkətin bu ölkələrdəki təchizatçılarına təsir edə bilər.

Rivian-ın səhmlərinin kotirovkaları hesabatın dərcindən sonra cümə axşamı əlavə sessiyada 0,4% artıb. Son üç ay ərzində avtomobil istehsalçısının kapitallaşması təxminən 33% artaraq 13,9 milyard dollara çatıb, halbuki eyni dövrdə Nasdaq Composite indeksi 5,2% yüksəlib.