Riskli vergi ödəyicisi və riskli əməliyyatlar | Banco.az

Riskli vergi ödəyicisi və riskli əməliyyatlar

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 28 iyul tarixli 265 nömrəli Qərarı ilə "Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların Meyarları" təsdiq edilib.

İqtisadi Resursların Öyrənilməsi Mərkəzinin sədri Ruslan Atakişiyev mövzunu şərh edərək vurğulayıb ki, ədalətli rəqabətin şərti olan bərabər və şəffaf fiskal mühitin təmin olunması istiqamətində vergi qanunvericiliyinə edilmiş dəyişikliklərlə 1 yanvar 2020-ci il tarixdən Vergi Məcəlləsinə əmtəəsiz əməliyyat və riskli vergi ödəyicisi anlayışları daxil edilib.

Dəyişikliyə əsasən, riskli vergi ödəyicisi – Nazirlər Kabinetinin təsdiq etdiyi meyarlara cavab verən, o cümlədən əmtəəsiz və (və ya) riskli əməliyyatlar aparan şəxsdir. Vergi ödəyicisinin riskli vergi ödəyicisi olması, habelə riskli vergi ödəyiciləri siyahısından çıxarılması barədə qərar İqtisadiyyat Nazirliyi tərəfindən qəbul edilir.

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 iyul 2020-ci il tarixli qərarı ilə riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların meyarlarının təsdiq olunması artıq 2020-ci ildə Vergi Məcəlləsinə edilmiş düzəlişlər və dəyişikliklərdə əks olunan riskli vergi ödəyiicisi meyarlarının dəqiq təsnifatının verilməsi üçün əhəmiyyət daşıyır. Ümumiyyətlə, meyarlarda riskli vergi ödəyiciləri ilə bağlı mühüm əhəmiyyət kəsb edən bir neçə məsələ öz əksini tapmışdır. Riskli vergi ödəyiciləri haqqında siyahı Dövlət Vergi Xidmətinin saytında dərc olunur ki, bu da ictimai qınaq vasitəsilə vergi ödəyicilərini qanunsuz əməllərdən çəkindirməyə yönəldilib.

Maraqlı cəhətlərdən biri də riskli vergi ödəyicilərinin siyahıdan çıxarılması ilə bağlıdır. Bu, riskli vergi ödəyicisi olan və ya riskli vergi ödəyicisi siyahısına düşmək ehtimalı olan fiziki və ya hüquqi şəxslərə öz əməllərinə düzəliş edərək, nizamlı vergi ödəyicisinə çevrilmək, fəaliyyətlərini müsbət yönə aparmaq imkanı yaradır.

Daha bir mühüm məsələ də riskli vergi ödəyicilərinin müəyyənləşdirilməsi zamanı ödəyicilərin meyarlarının dolğun şəkildə təsbit olunmasıdır. Burada başlıca məqam ondan ibarətdir ki, bir rəhbər şəxs 5-dən çox hüquqi şəxsin icra orqanında olanda və ya icra orqanı rəhbəri olanda artıq həmin müəssisə də riskli vergi ödəyicisi olur. Bu, bir faktdır ki, praktikada eyni adamın çoxlu sayda müəssisə yaradıb, onların rəhbəri olmaq imkanı var. O, özünə məxsus olan bütün müəssisələrə pul köçürə, vergidənyayınma sxemləri qura bilir. Bu cür şəxslərin riskli vergi ödəyicisi hesab edilməsi qanunsuz əməllərin qarşısını almaq üçün əlverişli şərait yaradır.

Ən sərfəli kredit üçün müraciət et

Riskli əməliyyatların meyarları və riskli vergi ödəyiciləri ilə bağlı əsas məsələlərdən biri də sahibkarların konkret olaraq fəaliyyət kodu ilə göstərdiyi fəaliyyətin üst-üstə düşməməsinin qarşının alınmasıdır. Bəzi "faktorşik" firmalar rəsmi şəkildə başqa bir müəssisə ilə sənədləşməni həyata keçirir və ucuz qiymətə ləvazimat alırlar. Yeni meyarlara əsasən, bu tip qurumlar da riskli vergi ödəyiciləri hesab edilir.

Mövzuya aydınlıq gətirmək üçün sxemlərdən birini nəzərdən keçirək:

Tutaq ki, hər hansı bir tikinti şirkəti 1 milyon manatlıq tenderi udur. Bu məbləği faktiki mal alınması adı ilə 2-3 hüquqi şəxsin adına rəsmiləşdirir. Əslində isə ucuz qiymətə, yəni 1 milyonun qarşılığında 200 min manata sənədsiz mal-material alıb, tikinti işini həyata keçirir. Nəticədə həmin şirkət vergidən yayındırılmaqla yüksək mənfəət əldə etmiş, eləcə də digər tərəflərlə korrupsiya əlaqəsinə girmiş olur. Bu işdə ona kömək edən əmtəəsiz mal-material sənədləşməsi həyata keçirən şirkətlər Vergi Məcəlləsinə düzəlişlərlə riskli vergi ödəyicisi hesab olunurlar.

Nazirlər Kabinetinin bu qərarı Azərbaycanda rəqabət şəraitinin möhkəmlənməsinə və düzgün işləyən sahibkarın fəaliyyətinin genişlənməsinə kömək göstərir, tenderləri təmiz işləyən sahibkarların udması imkanlarını artırır.

Vergiler.az

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et