"Risklər bizə məlumdur və biz bunun üzərində işləyirik" | Banco.az

"Risklər bizə məlumdur və biz bunun üzərində işləyirik"

"Bank faizlərinin aşağı salınması tendensiyası çox əhəmiyyətlidir. Yeni verilmiş kreditlər üzrə faizlər son iki ildə 5 faizdən çox aşağı düşüb. Təbii ki, bu amil bank və istehlak kreditlərinin faizlərinin aşağı düşməsinə gətirib çıxarmalıdır. Digər tərəfdən və ən əsası, biznes kreditlərinin faizinin aşağı düşməsi kiçik və orta müəssisələr üçün də əlçatan olmalıdır. Bu, onlar üçün öz bizneslərini qurmaq baxımından çox əlverişli olacaqdır.

Bank faizlərinin aşağı düşməsi prosesi təkcə Mərkəzi Bank tərəfindən görülmüş işlərlə kifayətlənməməlidir. Burada faizlərin müəyyən dərəcədə yüksək olması sual yaranmasına gətirib çıxarır. Bu da təbii olaraq, iqtisadiyyatda olan risklərin, bankların, biznesin riski ilə əlaqədardır. Biz çalışmalıyıq ki, digər qurumlarla birlikdə bu riskləri əhəmiyyətli dərəcədə azaldaq. Bu risklər bizə məlumdur və biz bunun üzərində işləyirik. Bank faizlərinin aşağı düşməsində görülmüş işlərin, aparılan islahatların rolunu yüksək qiymətləndirirəm. Biz bu islahatları daha da dərinləşdirməliyik".

Bu fikirləri açıqlamasında Mərkəzi Bankın sədri Elman Rüstəmov bildirib.

Əmanətlərin sığortalanması məsələsi ilə bağlı fikirlərini də bölüşən Mərkəzi Bankın sədri deyib:

“Prezident İlham Əliyevin Milli Məclisə təqdim etdiyi məktub əsasında əmanətlərin sığortalanması məsələsi gündəmdədir. Bunun üçün 100 min manat daxilində norma qoyulub. Bu, qonşu Rusiya, Türkiyə kimi ölkələrlə müqayisədə dəfələrlə çoxdur. Yeni təqdim olunan sistem çox səmərəlidir. Sistemə əsasən, əhalinin demək olar ki, 99,8 faizinin əmanətləri tam sığortalanır. Qalan 0,2 faiz insanların isə maliyyə bilikləri çox yüksəkdir. Belə insanlar əllərində olan vəsaiti qazandıqları kimi, idarə etməyi də bacarırlar və onlarla bağlı heç bir problem görmürəm. Amma onların da əmanətlərinin yüksək məbləğdə, məsələn, 100 min manat hissəsi sığortalanır. Ən başlıca məsələ, əhalinin 99,8 faizinin əmanətlərinin tam sığortalanmasıdır. Bizdə 7 milyona yaxın əmanətçi var. Bunların çox böyük hissəsi kiçik və orta əmanətçilərdir”.

Ən sərfəli kredit üçün müraciət et

Elman Rüstəmov vurğulayıb ki, əmanətlərin tam sığortalanması dövlət siyasəti olaraq kiçik əmanətçilərin qorunmasına yönəldilib. Yüksək gəlirli əmanətçilər isə maliyyə cəhətdən daha savadlı olduqlarından, onların əmanətlərinin qorunmasında heç bir problem yoxdur.

Azərtac

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et