“Risk özünü doğrultmasa, rəhbərlərin itirəcəyi daha artıqdır"- Şahin Qədimli | Banco.az

“Risk özünü doğrultmasa, rəhbərlərin itirəcəyi daha artıqdır"- Şahin Qədimli

Müəllif:Gülbəniz Hüseynli/Banco.az

“Şirkətdə təşəbbüskarlığın kökünü kəsməyin ən asan yolu – təkliflərin davamlı rədd edilməsidir”.

Bu fikirləri Banco.az-a İdarəetmə üzrə konsultant və təlimçi, Falcon Consulting Groupun direktoru Şahin Qədimli deyib.

Konsultant bildirib ki, bir-iki təklifi qəbul edilməyən əməkdaş nadirən üçüncü təklifi irəli sürür.

“Adətən vəziyyətlə barışmayanlar isə eyni yerdə qalıb “külək dəyirmanları” ilə mübarizə aparmaq əvəzinə yeniliklərə daha açıq iş yeri axtarmağa üstünlük verirlər.

İstənilən yenilik dəyişiklik deməkdir, yəni komfort zonasından çıxmaq, əlavə səy, enerji tələb edir. Sirr deyil ki, yaşlandıqca insanların enerjisi azalır, ona görə də komfort zonasında qalmaq arzusu güclənir. Bunun üstünə yaddaşda daha yaxşı qalan mənfi təcrübə də əlavə olunur: keçmiş uğursuz yeniliklər və onlara daha yuxarı rəhbərliyin sərt reaksiyası və ya əksinə, çox əziyyət sərf edilmiş və layiqli dəyərləndirilməyən müvəffəqiyyətlər”.

Şahin Qədimli  əksər rəhbərlərin mühafizəkar olma səbəblərinə də  toxunub:

“Rəhbər vəzifəsi müəyyən status, daha yüksək əməkhaqqı, güzəştlər və sairələrdir. İstənilən yeniliksə, kiçik də olsa, risklə müşahidə olunur. Həmin risk özünü doğrultmasa, rəhbərlərin itirəcəyi adi əməkdaşlardan hər zaman daha artıqdır. Bir çox rəhbərlərin mühafizəkar olmasının başlıca səbəbi də elə budur.

Ümumiyyətlə, insanlar nadirən gənc yaşlarından mühafizəkar olur, əksəriyyət zaman keçdikcə mühafizəkarlaşmağa başlayırlar. Bir qrup da var ki, yaşından asılı olmadan yenilikçi qalırlar. Düzdür, sonuncular azlıq təşkil edirlər. Rəhbərlərin transformasiyası oxşar qaydada gedir. Amma bəzən yaşına görə kifayət qədər cavan rəhbərlər də yeniliklərə çox ehtiyatla ya naşır, riskdən uzaq durmağa çalışırlar. Pis-yaxşı işlək olan mexanizmin fəaliyyətinə müdaxilə etməməyi üstün tuturlar. Mən mühafizəkarlığı dəstəkləmirəm, ağlabatan yeniliyin tərəfdarıyam, amma hər kəs yolunu özü seçir”.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram