Renault və Geely Braziliyada aşağı emissiyalı avtomobillər istehsal edəcəklər | Banco.az

Renault və Geely Braziliyada aşağı emissiyalı avtomobillər istehsal edəcəklər

Müəllif - Eldar Kərimov/Banco.az

Fransanın Renault Group və Çinin Geely Holding Group şirkətləri Braziliyada yeni strateji əməkdaşlıq çərçivəsində sıfır və aşağı emissiyalı avtomobillərin istehsalı və satışı üçün çərçivə sazişi imzalayıblar. Bu barədə şirkətlərin birgə bəyanatında bildirilib.

Renault do Brasil, Geely-nin sıfır və aşağı emissiyalı avtomobillərinin Braziliyada mövcud satış şəbəkəsi vasitəsilə distribyutoru olacaq. Eyni zamanda, Çin şirkəti Renault-nun San-Joze-duz-Pinyays (Parana ştatı) sənaye kompleksinə çıxış əldə edəcək.

"Bu yeni strateji əməkdaşlıq Renault və Geely brendlərinin Braziliyada qlobal genişlənməsinə töhfə verəcək ki, bu da beynəlxalq böyümə üçün əsas amildir", - bəyanatda deyilir.

Renault və Geely artıq bir sıra ortaq layihələr həyata keçirirlər. Bunlara Cənubi Koreyada avtomobil istehsalı və hibrid və qazla işləyən avtomobillər üçün ekoloji təmiz mühərriklər hazırlayan Horse Powertrains birgə müəssisəsi daxildir.