Reklamın gur səsi | Banco.az

Reklamın gur səsi

Kapitalizmdə hər şeyin qarşılığı vardır. Havayı heç nə yoxdur. Bəzən pulsuz ola bilər. Bir mal aldığında 2-ci məhsul üstündə pulsuz verilər. Amma inanın ki, bunun bir qarşılığı olacaqdır. Küçədə, yeni çıxmış bir məhsulu sizə pulsuz təqdim edə bilərlər, lakin bu sizin yaxud danışdığınız insanların həmin məhsulu almağına səbəbdir. Keçən il çıxan filmi internetə pulsuz qoymaqda məqsəd, yeni çıxacaq filmin reklamını həmin videoya bir neçə dəfə yerləşdirmək ola bilər. Oyunun, proqramın ilk versiyasını pulsuz endirmək də buna başqa misaldır.

Bütün şirkətlər qazanc əldə etmək üçün yaranıblar və dayanmadan gəlirlərini artırmağa çalışırlar. Bunun üçün daima alıcıların ağlında qalmaq istəyirlər. Sərt rəqabət və daim yenilənən bazara görə, şirkətlər satış qiymətlərini və şərtlərini bazara uyğun olaraq dəyişirlər. Bu yeniliyi bildirmək üçün də, reklam şirkətlərindən istifadə edirlər. Bəli, yaxşı malın reklama ehtiyacı yoxdur. Amma normal bir malın reklama ehtiyacı var və bu sayədə yaxşı maldan daha çox satar. Nəticədə yaxşı mal satılmaz və bazardan itər. Reklam sahəsi çox sürətli inkişaf etdiyindən və marketinqin önəmli hissəsi olduğundan, həm bütün şirkətlərin reklam büdcələri formalaşdı, həm də fərqli reklam şirkətləri ortaya çıxdı. Belə ki, bu reklam şirkətlərin məhsulu başqa şirkətlərin məhsullarını tanıtmaqdır və gəliri də elə buradandır. Bunlara misal olaraq, reklam çarxları çəkən yaxud afişalar hazırlayan mətbəələri göstərmək olar. Bunlarla yanaşı, bəzi şirkətlər də var ki, onların tək bir gəlir mənbəyi vardır və bu reklamdır: Televizor  kanalları, radio kanalları, sosial şəbəkələr, xəbər saytları və hətta elan və satış saytları.   

Hər hansı bir malı aldıqda qiymətini ödəyirik. Bəs TV və radio kanallarına baxdıqda nə ödəyirik və daha maraqlısı həmin şirkətlər nə qazanır və necə öz xərclərini ödəyirlər? TV kanallarının əksəriyyəti pulsuzdur. Elektrik enerjisi və vaxtdan başqa sənə heç bir xərci yoxdur. Elektrik enerjisi sərfiyyatı orta LED TV üçün gündə 4 saat olmaqla illik istifadə 54 kwh 3.8 manatdan (Əgər TV açıq deyilsə, ildə 2.2 kwh 15 qəpik) çox deyil. Lakin bu məbləğdən bir qəpik də TV kanallarına çatmır. Əlbəttə bununla bərabər, aylıq ödənişli kabel tv, FM radio dalğalarıyla birgə pullu radio kanalları (XM) da mövcuddur. Bunları birbaşa istifadəçi ödəyir. 

Bəs bizdən heç bir məbləğ almayan TV kanalları necə dolanır və gün keçdikcə fəaliyyətlərini artırırlar və yeni kanallar ortaya çıxır? TV kanalların rəsmi gəlir mənbəyi reklamdır. Bunlara, proqram arasında verilən 5-10 dəqiqəlik reklamlar, proqramın baş, 2-ci və s. sponsorları, hava haqqında məlumatın sponsoru, aparıcının geyiminin alındığı mağaza, saç düzümü ustası və s. daxildir. Başqa sözlə, bir proqram yaxud serial, bir (neçə) şirkətlə razılaşıb, onları reklam edərək efirdə ola bilər. Bu məbləğ, TV şirkətinin proqram üçün çəkilən bütün xərcləri ödəməli və əlavə qazanc da qalmalıdır. Ölkəmizdə buna ən məşhur nümunə, “semiçka” və “sosiska” şirkətləri ola bilər. Sənin ən sevdiyin proqramı sənə təqdim edən əslində aparıcı, rejissor deyil, elə həmin şirkətdir. 

Reklamı izləməmək, avtobusun arxa qapısından düşüb qaçmaq kimidir. Çünkü həmin proqramı, serialı sənə təqdim edən, maliyyələşdirən reklamdır. Bunun qarşılığı olaraq oturub reklamları izləməlisən. Əgər sənin kimi çoxları reklamı izləməsə, o zaman ya həmin proqramlar sponsor tapa bilməyib yox olacaq, ya da proqramda yaxud serialda daha çox reklam olacaq. aparıcı əvvəllər bir dəfə sponsorun adını çəkirdisə, yaxud küncdə şirkətin loqosu olurdusa, rəqabətə tab gətirmək üçün, artıq hər fürsətdə bu deyilməlidir. Həmçinin 10 dəqiqəlik reklamı çox adam izləmədiyindən, reklam olunan mallar da çox satılmırdı. Buna görə, proqramın yaxud serialın içərisində tanıdıcı vaxt, eyni zamanda Xəbərlər verilişində belə, yeni açılan şirkət yaxud məhsul haqqında məlumat verilir. Digər ərəfdən, proqram arasındakı reklamı izləməmək üçün kanalı dəyişəndə, elə yeni kanalda da reklam vaxtı olacaq və çox vaxt qaçdığın elə həmin reklam qarşına çıxacaq. Çünkü proqramlar da bir-biri ilə rəqabət aparır və izləyici kütləsinin ən yaxşı vaxtını tapmaq istəyir. Məsələn, səhər vaxtı radio proqramları saat 9-a 10 dəq. qalmış reklama keçirlər, və bütün kanallar da eyni vaxtı. Xəbərlər proqramı da bütün kanallarda eyni saatda başlayır. Əlbəttə, çoxlu izləyici itirmiş kanal, xəbərlər proqramının saatını dəyişəcəkdir. Bunun başqa səbəbi odur ki, şirkətlər də bənzər şirkətlərlə rəqabət aparır və çoxlu kanallara və proqramlara eyni vaxtı reklam verirlər.
Reklam olunan şirkətin məqsədi reklamın çoxlu sayıda və insan tərəfindən izlənilməsinin nəticəsində həmin mallar haqqında daha yaxşı məlumatlanması və  bunlardan bir qisminin pul verib həmin malları almasıdır. Əgər reklam edən şirkət bir proqrama sponsor olduqdan sonra, satışlarında ciddi artım görməsə, artıq həmin proqramı maliyyələşdirməz. Həmçinin, əksinə, proqramın reytinqinin artması (izləyicilərin sayının atması) ilə satışlar da artarsa, proqram rəhbərləri şirkətdən daha çox pul (müqavilə) istəyəcək. Bu əlaqənin fərqində olmayan izləyicilər isə, TV proqramına, ürəyində TV kanalına təşəkkür edərək, baxacaq. Reytinqi artan kanal və proqram, reklam olunan malların satışını artırmayacaq. O zaman reklam şirkəti ya çəkiləcək, ya da aparıcı mövzudan çox, həmin malı reklam edəcək.

Ən sərfəli kredit üçün müraciət et

Xoşladığın müğənninin yeni mahnılar oxumasını istəyirsənsə, onun albom disklərini almalı, konsertlərinə getməlisən. Çünki, əslində TV verilişlərində olduğu kimi, müğənninin də sponsoru sadə izləyici/dinləyicidir. Sponsor yaxud reklam verən şirkət, sənin həmin konsertə bilet və həmin malın daha çox satılmağından pul qazanırlar. Eyni şəkildə, məhəllədəki mağazanın bağlanması da sənin, pulunu başqa yerdə xərcləməyinə görədir. 

Bəs bir proqram yaxud seriala baxmaq üçün mütləq 10 dəqiqə TV qarşısında oturmalı, eyni səs tonu ilə izləməliyəm? Burada məsələ həmin reklamı eyni həvəslə izləmək deyil, həmin firmanın və məhsulun proqramı sənə çatdırmasını başa düşməkdir. Əgər proqramın eyni keyfiyyətlə davam etməsini istəyirsənsə, digər mallardan deyil, bu malları almalı, ən azından bu mallara həmin proqramın xətrinə qarşı gəlmələlisən. Bir çox adam xoşladığı proqrama/futbol komandasına sevmədiyi bir firmanın sponsor olduğu üçün izləməyi tərk etmişdir.   
Xəbərləri üzündən oxuyan aparıcını, rejisorun eynən dediyi kimi hərəkət edən aktyoru görürük. Əslində isə, bu medianı bizə çatdıran böyük komanda vardır.

Dr.Elvin Əlirzayev/Bakı Mühəndislik Universiteti

Ən sərfəli krediti almaq üçün müraciət et