Saleh Həsənov: “Ən çətin anda pozitiv olmağı bacarmalı və ən əsası da, komandanı idarəetmə prosesində ədalətlilik prinsipinə riayət etməlidir”
İş mühitində ən çox önəm verilən məsələlərdən biri də münasibətlərdir. Xüsusilə də, işçi və rəhbər arasında olan münasibətlər işin gedişinə təsir göstərir. Hərdən ətrafımızda rəhbərlə yola gedə bilmədiyi üçün işdən ayrıldığını bildirən dostlarımız olur. Bəzən görürük ki, insanlar rəhbərlərinin yaxşı olmadığından, işçilər arasında fərq qoymağından şikayətlənirlər. Bu zaman sual yaranır ki, bəs yaxşı rəhbər necə olmalıdır? İşçilərlə münasibətdə hansı nüanslara diqqət etməlidir?
Bu mövzuda həmsöhbətimiz "Mazarina” MMC-nin İnsan Resursları üzrə meneceri, Beynəlxalq Əmək Təşkilatının təlimçisi Saleh Həsənovdur.
Saleh Həsənov deyir ki, rəhbər, işçilərə motivasiya verərkən və tənqid edərkən balansı gözləməlidir: "Yaxşı müdir rəhbərlik etdiyi sahə haqqında müfəssəl bilgilərə, insanlarla ünsiyyətdə xüsusi yanaşmaya sahib olmalı və psixologiyanı bilməlidir. Çətin situasiyalarda sürətli, çevik qərar vermə qabiliyyətinə malik olmaqla yanaşı, həmçinin, işçilərə motivasiya verərkən və tənqid edərkən balansı gözləməlidir. Tapşırıq və ünsiyyət zamanı işçilərlə empati (özünü başqasının yerində hiss etmə) hissini qorumalıdır. Ən çətin anda pozitiv olmağı bacarmalı və ən əsası da, komandanı idarəetmə prosesində ədalətlilik prinsipinə riayət etməlidir”.
Müsahibimiz qeyd edir ki, işçilərlə münasibətdə rəhbər üçün öndə gedən məsələlərdən biri ədalət hissidir: "İşçilərə fərdi yanaşma ilə bərabər, həm də ayrı-seçkiliyin qoyulmamağı əsas və çətin məqamlardan biridir. Ən sərfəli kredit üçün müraciət et
Rəhbərlik mütləq şəkildə işçilərin inamını qazanmalı, səmimiyyətini hiss etdirməlidir. Rəhbər həm də lider olaraq işçilərə problemlərin həllində, onların inkişafında xüsusi qayğı və dəstəyini göstərməlidir”.
Həmsöhbətimizdən rəhbərlərin işçilərlə münasibət qurarkən etdikləri səhvlərin nələr olduğunu soruşduq: "Rəhbərlərin əsas səhvləri səmimiyyət və subordinasiya qaydalarını düzgün və uyğun şəkildə idarə edə bilməməkləridir. Zamanla problemlərin böyüməsi, konfliktləri tənzimlənə bilməmək həddinə gətirib çıxarır. Bundan əlavə, işçi və rəhbər arasında distansiyanın çox olması da bu qəbildən olan problemlərdən biridir. İşçilər arxayın şəkildə rəhbərliklə münasibət qurmaq əminliyini özündə hiss etməlidir”.
S.Həsənovun sözlərinə görə, rəhbərlə işçi arasındakı yaş fərqi nə işçi, nə də rəhbərlik tərəfdən biruzə verilməməlidir: "Rəhbər bu mövzuda ədalətliliyi xüsusən diqqətdə saxlamalı, işçiləri yaş həddinə görə deyil, işlərinə və müəssisəyə olan münasibətinə görə dəyərləndirməlidir. Rəhbərin yaşının az və ya çox olması və ya hər hansı işçinin yaşının rəhbərə nisbətdə az və ya çox olması ona hər hansı güzəşt qazandırmamalı, digərlərindən əhəmiyyətli dərəcədə fərqliliyə səbəb olmamalıdır. Müəssisədə iş təcrübəsi çox olan əməkdaşlara adətən, fərqli yanaşmalar olur ki, bu da hörmət və loyallıq göstəricisi kimi tətbiq edilə bilər. Lakin hər hansı qərarverici anda işçinin yaşına və ya sırf təcrübəsinə görə fərqləndirilməsi yolverilməzdir”.
Rəhbərlə işçi dost ola bilərmi, əgər ola bilərsə, bu hədd hara qədər olmalıdır” – sualımızı müsahibimiz belə cavablandırdı: "Rəhbərlə işçinin şəxsi münasibətləri istənilən həddə ola bilər. Lakin bunun, iş vaxtına və ya işlə bağlı məsələlərə heç bir aidiyyəti olmamalıdır. Rəhbərlə işçinin dostluq, qohumluq və ya digər münasibətləri beynəlxalq və tanınmış şirkətlərdə də rast gəlinən haldır. Lakin bu münasibətlərin idarə olunması əsas məsələdir. Belə ki, dünyaca tanınmış bir çox şirkətlərdə müəssisənin zamanla atadan övlada keçmə praktikası mövcuddur. Bu məsələ yalnız o zaman uğurlu olub ki, müəssisədə ata və oğul deyil, işçi rəhbər münasibətləri hökm sürüb”.
kaspi.az