"Rabitəbank" ASC "AGBank" ASC-ni almağa hazırlaşır. Hazırda iki bankın aktivlərinin konsolidasiyası ilə bağlı hər iki təşkilatın səhmdarları arasında danışıqlar prosesi gedir. Bu barədə Banco.az portalı"Report"-un "Rabitəbank"dakı mənbələrdən aldığı məlumata istinadən bildirir.
Məlumata görə, bu prosesdə "Rabitəbank"ın investor qismində çıxış edəcəyi və konsolidasiyanın məhz onun brendi altında həyata keçiriləcəyi gözlənilir. Danışıqların və "AGBank"ın alınması prosesinin bu ilin sonuna qədər yekunlaşacağı ehtimal olunur.
Qeyd edək ki, "AGBank" ASC 1992-ci ildə, "Rabitəbank" ASC isə 1993-cü ildə fəaliyyətə başlayıb.
***
"Rabitəbank"ın Müşahidə Şurasının sədri Zakir Nuriyev "Report"a açıqlamasında hansısa bankın alınması ilə bağlı məlumatın həqiqəti əks etdirmədiyini və ötən gün bununla bağlı yerli KİV-də yayılan məlumatı tezliklə rəsmi şəkildə təkzib edəcəklərini deyib: "Ümumiyyətlə, bankın alınması ilə bağlı müzakirə yoxdur".
"AGBank"ın mətbuat xidmətindən isə "Report"a bu məsələ ilə bağlı xəbərsiz olduqlarını bildiriblər.