İqtisadi İslahatlarınTəhlili və Kommunikasiya Mərkəzi və Prezidenti yanında Qeyri Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası birgə həyata keçirdikləri qrant müsabiqəsinə dair QHT-lərlə görüş təşkil olunub. Görüşdə hər iki qurumun nümayəndələri, eləcədə elan olunan mövzular üzrə ixtisaslaşmış QHT-lərin təmsilçiləri iştirak edib.
2020-ci ildə QHT layihələrinin maliyyələşməsilə bağlı qrant müsabiqəsi strateji yol xəritələri ilə bağlı ictimaiyyətin məlumatlandırılmasına, qeyri-neft sektoru üzrə ixracın dəstəklənməsinə, Azərbaycanda həyata keçirilən islahatların nəticəsində rəqəmsal iqtisadiyyatın genişləndirilməsinə, Azərbaycanda innovativ startapların inkişafının dəstəklənməsinə dair təşəbbüslərə dair mövzular ətrafında elan olunub. Müsabiqə çərçivəsində 10-dək layihənin maliyyələşməsi nəzərdə tutulur. İcra müddəti 2 aydan 8 ayadək nəzərdə tutulan layihələrdə müsabiqə fondu 80 min manat təşkil edir.
İqtisadi İslahatlarınTəhlili və Kommunikasiya Mərkəzində keçirilən görüş zamanı elan olunan müsabiqə barədə QHT nümayəndələrinə ətraflı məlumat verilib, Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası tərəfindən elektron sistemdən istifadə ilə bağlı hazırlanan məlumatlandırıcı video çarx nümayiş olunub və iştirakçıları maraqlandıran suallar ətraflı şəkildə cavablandırılıb.
QHT-lərin nəzərinə çatdırılıb ki, layihələrin icrası zamanı Azexporpt.az portalının, “Birpəncərə” İxraca Dəstək Mərkəzinin, Azərbaycan Rəqəmsal Ticarət Qovşağının və Enterprise Azerbaijan portalının ekspertləri də onlara müvafiq dəstək göstərəcəklər. Həmçinin QHT nümayəndələrinə izah edilib ki, strateji yol xəritələrində əksində tapan hər hansı bir strateji hədəf və ya tədbirlə bağlı da layihə icra edə bilərlər.
Qeyd edək ki, İqtisadi İslahatlarınTəhliliv və Kommunikasiya Mərkəzi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası ilə birgə keçirilən bu müsabiqədə ölkəmizdə fəaliyyət göstərən Qeyri-Hökumət Təşkilatlarını aktiv iştirakını arzulayır və onlarla əməkdaşlığın dərinləşdirilməsində maraqlıdır.