Azərbaycanda bank əmanətlərinin sığortalanması ilə bağlı şərtlər dəyişmək üzrədir. Bu barədə Mərkəzi Bank yanında Azərbaycanda Əmanətlərin Sığortalanması Fondunun icraçı direktoru Azad Cavadov məlumat verib. Onun sözlərinə görə, mayın 19-dan etibarən əmanətlərin sığortalanması üçün maksimal faiz dərəcəsi 9% olacaq. Hal-hazırda bu hədd 10%-dir.
Əmanətlərin sığortalanması ilə bağlı məbləğin yuxarı həddində isə dəyişiklik yoxdur. Həmişəki kimi bir bankda yalnız 30 min manata qədər yerləşdirilmiş əmanətlər sığortalanacaq.
Azad Cavadov onu da bildirib ki, yaxın vaxtlarda Azərbaycanda fiziki şəxslərlə yanaşı, hüquqi şəxslərin də əmanətləri sığortalana bilər. Hazırda bununla bağlı qanunvericilikdə dəyişikliklər hazırlanır. Milli Məclis lazımi qərarı qəbul etdikdən sonra özəl sahibkarların da əmanətləri sığortalı olacaq.
Mənbə: fins.az