“İpək Yolu sahibkarlığın inkişafına dəstək” İctimai Birliyinin baş katibi və əməkdaşlarının Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasındakı görüşü bir sıra maraqlı məsələlərin müzakirəsinə həsr olunub.
Konfederasiyanın fəaliyyəti ilə bağlı qonaqlara ətraflı məlumat verən ASK-nın prezidenti Məmməd Musayev bildirib ki, Azərbayanda 500000-dək sahibkar fəaliyyət göstərir, onların bir çoxu müxtəlif assosiasiya və birliklərində təmsil olunur. 70-dək assosiasiyanın Sahibkarlar Konfederasiyasına üzv olduğunu qeyd edən M.Musayev ölkədə yeni yaradılan birlik və assosiasiyaların qeydiyyatdan keçməsi, fəaliyyəti üçün konfederasiya tərəfindən müvafiq yardım olunduğunu qeyd edib və gələcəkdə bu tədbirlərin davam edəcəyi istisna olunmayıb.
“İpək Yolu sahibkarlığın inkişafına dəstək İB”-nin baş katibi Sərraf Nəzərov birliklərinin fəaliyyətindən, əlaqələrindən söhbət açıb. 2010-cu ildə təsis olunan “İpək Yolu sahibkarlığın inkişafına dəstək İB”-nin bir çox ölkələrin ictimai birlikləri ilə əməkdaşlığı barədə ətraflı məlumat verilib. S.Nəzərov Azərbaycan Sahibkarlar Konfederasiyası ilə əməkdaşlığa xüsusi önəm verdiklərini, gələcəkdə bu təşkilatın təcrübəsindən yararlanmaq niyyətində olduqlarını da dilə gətirib. Bu günədək xeyli sayda xarici ekspertlərin ölkəmizə səfərlərinin, həmçinin müxtəlif tədbirlərin təşkilində yaxından iştirak etdiklərini qeyd edən qonaq, gələcəkdə ölkəmizə gələn nümayəndə heyətlərinin Sahibkarlar Konfederasiyasının əməkdaşları ilə görüşün zəruri olduğunu bəyan edib.
Qonaqların əməkdaşlıq təkliflərini yüksək qiymətləndirən M.Musayev “İpək Yolu sahibkarlığın inkişafına dəstək İB”-nin gələcəkdə daha səmərəli fəaliyyətinə dəstək üçün nəinki konfederasiyanın , həmçinin Sənayeçilərin və Sahibkarların Beynəlxalq Konqresinin və Qara Dəniz İqtisadi Əməkdaşlıq Şurasının imkanlarından yararlanmağın məqsədə uyğun olduğunu vurğulayıb.