Müəllif:Mehin Qasımova/Banco.az
İsrailin Qəzzaya hücumlarına cavab olaraq Yəmən husilərinin Qırmızı dənizdə başlatdığı hücumlar qlobal ticarətdə gərginliyə səbəb olub.
Banco.az xəbər verir ki, bu da qlobal ticarətdə xərcləri artırıb. Gəmilərin səfər müddətinin uzadılması xərclərin daha da artmasına səbəb olub.
Ötən aya olan məlumata görə, gəmilərin 70-80 faizi marşrutunu dəyişib.
Analitiklər bu prosesin tədarük zəncirinin pozulmasına və Asiya-Avropa ticarətində daşınma xərclərinin əhəmiyyətli dərəcədə artmasına səbəb ola biləcəyini bildiriblər.
Məlumata görə, Asiya və Şimali Avropa arasında yükdaşıma xərcləri dekabrın ortalarından bəri 173 faiz artıb.
Konteyner şirkətləri keçən ay Qırmızı dəniz vasitəsilə daşımaları müvəqqəti olaraq dayandırıblar. Aparıcı gəmiçilik şirkəti Maersk növbəti bildirişə qədər bütün yük daşımalarını dayandırıb.
Digər tərəfdən, bu dövrdə konteyner şirkətlərinin səhmlərində də artımlar olub. Maersk səhmləri dekabrın ortalarından bəri 37 faiz bahalaşıb. Almaniyanın “Hapag-Lloyd” şirkətinin səhmləri eyni dövrdə 65 faizdən çox artıb. Şərqi Aralıq dənizi və İsrail limanlarına xidmət göstərən ZIM İnteqrasiya Gəmiçiliyinin payları da 70 faiz artıb.
Bizi sosial şəbəkələrdən izləyin!!