Müəllif - Aida İsaq, Banco.az
Pandemiyadan sonra qlobal artım və inflyasiyanın bərpası qlobal iqtisadiyyatda dollara əsaslanan borc yükünün 2015-ci ildən bəri ilk dəfə 2022-ci ildə azalmasına şərait yaradıb. İnkişaf etməkdə olan ölkələrin borc yükü isə rekord səviyyəyə çatıb.
Banco.az xəbər verir ki, bu barədə Beynəlxalq Maliyyə İnstitutunun (IIF) araşdırmasında məlumat verilir. Qeyd olunur ki, qlobal borcun nominal dəyəri 2022-ci ildə təxminən 4 trilyon dollar azalıb. Bununla yanaşı, inkişaf etməkdə olan ölkələrin borcu 98 trilyon dollar səviyyə ilə yeni rekorda imza atıb. Borclarını ən çox artıran ölkələr sırasında Hindistan, Meksika, Rusiya, Sinqapur və Vyetnam yer alır.
Qeyd edək ki, güclü iqtisadi aktivliyin və yüksək inflyasiyanın təsiri ilə qlobal borcun qlobal ÜDM-ə nisbəti 12 faiz bəndi azalaraq 338 faizə düşüb. İnkişaf etmiş iqtisadiyyatların borcunun ÜDM-ə nisbəti 20 faiz bəndi azalaraq 390 faiz təşkil edib. İnkişaf etməkdə olan bazarların borc yükünün ÜDM-ə nisbəti 2 faiz bəndi artaraq 250 faizə çatıb.
Bizi sosial şəbəkələrdən izləyin!!