Dünya İqtisadi Forumunun “Qlobal Rəqabətlilik Hesabatı - 2018/2019” a görə, dünyanın iqtisadi və texnoloji olaraq ən rəqabətə davamlı iqtisadiyyatına sahib ölkəsi Amerikadır.
Banco.az xarici mətbuata istinadən xəbər verir ki, bu il rəqabət indeksinin ilk 4 pilləsində yer alan ölkələr dəyişməyib. Dünyanın iqtisadi və texnoloji olaraq ən rəqabətə davamlı iqtisadiyyatına sahib ölkəsi 85.6 xalla ABŞ olub. Siyahıda Sinqapur 83.5 xalla ikinci, Almaniya 82.8 xalla üçüncü və 82.6 xalla İsveçrə dördüncü sırada yer alıb.
Yaponiya qlobal rəqabət siyahısında bu il 3 pillə yüksələrək 82.5 xalla 5 – ci sıraya çıxarkən, Hollandiya 82.4 xalla 6 – cı sıraya geriləyib.
Honkonq 82.3 xalla bu il 7 – ci sıradakı yerini qoruyub. İngiltərə isə iki pillə geriləyək 82 xalla 8 – ci sırada yer alıb.
Siyahıda bu il İsveç 81.7 xalla 9 – cu sıradakı yerini qoruyarkən, Danimarka bir pillə yüksələrək 80.6 xalla 10 – cu olub.
Danimarkanı Finlandiya, Kanada, Tayvan, Avstraliya, Cənubi Koreya, Norveç, Fransa, Yeni Zelandiya, Lüksemburq və İsrail izləyir.
Ölkəmiz ilk hesabatda Türkiyə, Serbiya, Gürcüstan, Cənubi Afrika Respublikası və Xorvatiya ilə birlikdə 7-ci onluğa daxil olmaqla 69-cu yerdə qərarlaşıb.
Tamara Mustafayeva, Banco.az