Müəllif:Gülbəniz Hüseynli/Banco.az
2024-cü ilin yanvar-iyun ayları ərzində Azərbaycanda quş əti və yumurta istehsalında əhəmiyyətli artım müşahidə olunub.
Banco.az xəbər verir ki, bu dövr ərzində ölkədə diri çəkidə 45 min ton quş əti və 584,2 milyon ədəd yumurta istehsal edilib. Quşçuluq sektorunun inkişafı və əldə olunan nəticələr iqtisadiyyatın bu sahəsinə olan marağı daha da artırıb.
2023-cü ilin eyni dövrü ilə müqayisədə 2024-cü ilin ilk yarısında quş əti istehsalında 11,7%-lik artım qeydə alınıb. (2023-cü ildə 40,3 min ton, 2024-cü ildə isə 45 min ton). Bu artımın əsas səbəbləri kimi fermer təsərrüfatlarının genişlənməsi, yeni texnologiyaların tətbiqi və dövlətin sektora dəstəyi göstərilə bilər.
Yumurta istehsalında da əhəmiyyətli artım müşahidə olunur. 2023-cü ilin yanvar-iyun aylarında 510,4 milyon ədəd yumurta istehsal olunduğu halda, 2024-cü ilin müvafiq dövründə bu rəqəm 584,2 milyon ədədə çatıb, yəni 7,4%-lik artım var. Hər yumurtlayan toyuqdan orta hesabla 127 ədəd yumurta əldə olunub.
2024-cü ilin iyul ayına olan vəziyyətə görə, quşçuluq müəssisələrində cəmi 11,563 milyon baş quş mövcuddur. Müqayisə üçün, 2022-ci ildə bu rəqəm 11,265 milyon baş olub, hər yumurtlayan toyuqdan isə 244 ədəd yumurta alınıb. Azərbaycanda quş əti və yumurta istehsalı artmaqda davam edir və bu tendensiya ölkənin kənd təsərrüfatı sektorunun inkişafı üçün vacibdir. Quşçuluq müəssisələrinin məhsuldarlığının artması və istehsalatın müasir texnologiyalarla dəstəklənməsi, həm daxili bazarın tələblərini ödəmək, həm də ixrac potensialını artırmaq baxımından əhəmiyyətlidir.
Qeyd edək ki, 2021-2025-ci illərdə qlobal quşçuluq bazarında ət istehsalı 4,1% artaraq 100,9 milyon olub.