Qlobal mərkəzi bankların valyuta ehtiyatları 2000-ci ildən bəri necə dəyişib? | Banco.az

Qlobal mərkəzi bankların valyuta ehtiyatları 2000-ci ildən bəri necə dəyişib?

Müəllif:Mehin Qasımova,Banco.az

Dünya mərkəzi banklarının valyuta ehtiyatlarında son 25 ildə əhəmiyyətli dəyişiklik baş verib.

Banco.az xəbər verir ki, ABŞ dolları hələ də əsas ehtiyat valyutası olaraq qalsa da, onun qlobal ehtiyatlardakı payı tədricən azalır, qızıl isə bu prosesdən ən çox faydalanan aktivə çevrilib.

Beynəlxalq Valyuta Fondunun (BVF) Rəsmi Valyuta Ehtiyatlarının Valyuta Tərkibi (COFER) və Beynəlxalq Likvidlik (IL) məlumatlarına əsasən, ABŞ dollarının qlobal mərkəzi bank ehtiyatlarında payı 2000-ci ildəki təxminən 59%-dən 2025-ci ildə 40%-dən bir qədər aşağı səviyyəyə enib.

Buna baxmayaraq, dollar dünyanın dominant ehtiyat valyutası statusunu qoruyur. Avro ikinci ən böyük ehtiyat valyutası olaraq qalır, Yapon yeni, Britaniya funt sterlinqi və Çin renminbisi isə birlikdə nisbətən kiçik paya malikdir.

Son illərdə ən diqqətçəkən dəyişiklik qızıl ehtiyatlarının sürətlə artmasıdır. Belə ki, qızılın qlobal ehtiyatlardakı payı 2000-ci illərin əvvəllərindəki təxminən 11%-dən 2025-ci ildə 24,5%-ə yüksəlib. Bununla da qızıl ehtiyatların şaxələndirilməsindən ən çox qazanan aktivə çevrilib.

Mütəxəssislər bildirirlər ki, bu artım iki əsas amillə bağlıdır. Bir tərəfdən, mərkəzi banklar son illərdə rekord həcmdə qızıl alışı həyata keçiriblər. Digər tərəfdən isə dünya bazarında qızılın bahalaşması mövcud ehtiyatların ümumi dəyərini əhəmiyyətli dərəcədə artırıb.

Ekspertlərin fikrincə, qızılın üstünlüyü onun heç bir dövlət tərəfindən emissiya olunmamasıdır. Buna görə də qızıl xarici hökumətlər tərəfindən dondurula, sanksiyalara məruz qala və ya siyasi təzyiq alətinə çevrilə bilməz. Məhz bu xüsusiyyət geosiyasi gərginliyin artdığı dövrdə onu mərkəzi banklar üçün daha cəlbedici ehtiyat aktivinə çevirir.

Xüsusilə 2024 və 2025-ci illərdə qızılın ehtiyatlardakı payının kəskin artması həm mərkəzi bankların intensiv alışlarını, həm də qiymətlərin yüksəlməsini əks etdirir.