Müəllif:Ayşən İmanova/Banco.az
2024-cü ilin üçüncü rübündə fərdi kompüterlərin qlobal tədarükü illik müqayisədə 2,4% azalıb.
Banco.az xəbər verir ki, bu barədə “International Data Corporation” (IDC) analitik şirkətinin hesabatında bildirilir.
Şirkətin məlumatına görə, hesabat dövründə qlobal bazara 68,8 milyon cihaz göndərilib. Bu, şirkətlərdə iqtisadi canlanma və avadanlıqların yenilənməsi ilə bağlı satışların artdığı əvvəlki rüblə müqayisədə bir qədər azdır.
Kompüter bazarının lideri 24% payla Çinin “Lenovo” şirkəti olaraq qalır. İkinci və üçüncü yerlərdə müvafiq olaraq 19,7% və 14,3% payla Amerikanın “HP” və “Dell” şirkətləri qərarlaşıb. Növbəti yerləri isə “Asus”, “Apple” və “Acer” tutub.
İl ərzində tədarüklərdə ən böyük artımı - 4,4% - “Acer” şirkəti nümayiş etdirib. Ən əhəmiyyətli azalmanı isə tədarükləri 24,2% azalan “Apple” göstərib.
IDC ekspertləri süni intellekt xidmətlərinin inkişafı hesabına fərdi kompüterlər bazarında canlanmanın olacağını proqnozlaşdırırlar. Onların fikrincə, istehlakçıların süni intellektlə işləyən kompüterlərə keçidi bu onilliyin sonuna qədər başa çatmalıdır.