WMO və Britaniya Meteorologiya Xidməti (Met Office) yaxın 5 il üçün temperatur proqnozlarına dair birgə hesabat dərc edib.
Banco.az xəbər verir ki,Ümumdünya Meteorologiya Təşkilatı (WMO) açıqlayıb ki, qlobal iqlim proqnozlarına görə, yaxın 5 il ərzində temperaturun rekord həddə və ya ona yaxın səviyyədə qalacağı gözlənilir.
"Qlobal iqlim proqnozları göstərir ki, növbəti 5 il ərzində temperaturun rekord səviyyədə qalacağı və ya ona yaxın olacağı gözlənilir ki, bu da iqlim risklərini və onların cəmiyyətlərə, iqtisadiyyatlara və davamlı inkişafa təsirini artırır. 2025 və 2029-cu illər arasında hər il üçün səthə yaxın qlobal illik orta temperaturun 1,2-1,9 dərəcə Selsi səviyyəsində olacağı proqnozlaşdırılır”, - deyə hesabatda qeyd olunub.
Hesabatda önümüzdəki beş ildə ən azı bir ilin sənayedən əvvəlki səviyyədən 1,5 dərəcə yuxarı olması ehtimalının 86 faiz olduğu vurğulanıb və 2025-2029-cu illər arasında beş illik orta istiləşmənin 1,5 dərəcədən çox olması ehtimalının isə 70 % olaraq təxmin edildiyi vurğulanıb.
“Hər əlavə istiləşmə dərəcəsi daha çox zərərli istilik dalğalarına, ekstremal yağıntı hadisələrinə, intensiv quraqlıqlara, buz təbəqələrinin, dəniz buzlarının və buzlaqların əriməsinə, okeanın istiləşməsinə və dəniz səviyyəsinin qalxmasına səbəb olur”, - deyə hesabatda bildirilir.
Hesabatda Paris razılaşmasının qlobal temperatur artımının 1,5 dərəcə Selsi ilə məhdudlaşdırılması hədəfinin qlobal temperatur artım tendensiyası bu səviyyələrdə qalacağı təqdirdə müvəqqəti və artan tezliklə aşılması gözlənilən bir hədəf olduğu xatırladılıb.