Qlobal ərzaq qiymətləri dörd ilin ən yüksək səviyyəsinə çatdı | Banco.az

Qlobal ərzaq qiymətləri dörd ilin ən yüksək səviyyəsinə çatdı

Müəllif:Mehin Qasımova,Banco.az

Qlobal ərzaq qiymətləri əlverişsiz hava şəraiti, geosiyasi risklər və ticarət yollarında yaranan fasilələr fonunda son 4 ilin ən yüksək səviyyəsinə çatıb.

Banco.az xəbər verir ki, BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) məlumatına görə, Ərzaq Qiymətləri İndeksi avqust ayında aylıq ifadədə 1,9% artaraq 133,3 bənd təşkil edib. Bu, 2022-ci ilin noyabrından bəri ən yüksək göstəricidir.

Ərzaq və gübrə bazarlarında qiymət artımına Yaxın Şərqdəki münaqişələr, Rusiya-Ukrayna müharibəsi fonunda Qara dənizdə daşımalarla bağlı qeyri-müəyyənlik, enerji qiymətlərinin yüksəlməsi və ekstremal hava şəraiti təsir göstərir.

Qırmızı dəniz və Bab əl-Məndəb boğazında təhlükəsizlik risklərinin artması da daşınma xərclərini yüksəldib. Bəzi gəmiçilik şirkətləri gəmiləri daha uzun marşrut olan Ümid burnu istiqamətinə yönəldir. Bu isə çatdırılma müddətinin uzanmasına, yanacaq, yükdaşıma və sığorta xərclərinin artmasına səbəb olur.

FAO-nun məlumatına əsasən, qlobal ərzaq qiymətləri illik müqayisədə 2,5% artıb. Bununla belə, qiymətlər 2022-ci ilin martında Rusiya-Ukrayna müharibəsinin başlamasından sonra qeydə alınan tarixi maksimumdan aşağı olaraq qalır.

Dünya Bankının məlumatlarına görə isə gübrə qiymətləri ikinci rübdəki pik səviyyədən geriləsə də, yüksək olaraq qalmaqda davam edir.