Oktyabrın 11-dən Azərbaycan Respublikasının Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinin (QKDK) Kapital Bazarı üzrə Təlim Mərkəzi “Azərbaycan Kapital Bazarının Prinsipləri və Alətləri” mövzusunda informasiya vasitələri (KİV) nümayəndələri üçün seminar təşkil etdi.
Əvvəlcədən qeyd olunan vaxtda, yəni ayın 11-i saat 10-da artıq bir çox KİV nümayəndələri QKDK-nın binasında idi. Təlim iqtisadi sahədə çalışan KİV nümayəndələri üçün xüsusi maraq kəsb edirdi. Belə ki, jurnalistlər qeyd edirdi ki, məhz bu sahədəki terminologiya onlara daha çətin gəlir, QKDK tərəfindən yayımlanan press-relizləri anlamaqda bəzən çox çətinlik çəkirlər.
Mənim üçün isə bu kapital bazarları haqqında olan biliklərimi təkrarlamaq, pərakəndə biliklərimi bir yerə toplamaq və strukturlaşdırmaq imkanı idi. Çox müsbət haldır ki, təlim hətta gözlədiyimdən daha maraqlı, informasiya tutumlu və məzmunlu keçdi.
Bunun üçün təlimçimiz, Treydinq və Üzvlük şöbəsinin müdürü Tələt Kalayevə xüsusi təşəkkürlər düşür.
O jurnalistlərin hər bir sualına qarşı həssas olur, onları maraqlandıran bütün məqamları maraq və həvəslə izah edirdi.
Təlim zamanı iştırakçılara ümumiyyətlə kapital bazarı, bazarın yaranma tarixi, onun iştirakçıları, Azərbaycan kapital bazarının xüsusiyyətləri barədə baza bilikləri, həmçinin qiymətli kağızlar bazarının peşəkar iştirakçılarının fəaliyyəti barəsində ətraflı məlumat verildi.
Seminarın modulları ilə aşağıda tanış ola bilərsiniz.
Azərbaycan Kapital Bazarinin Prinsipləri və Alətləri
Qeyd edək ki, seminar Azərbaycan Respublikası Prezidentinin 16 may 2011-ci il tarixli Sərəncamı ilə təsdiq olunmuş “2011-2020-ci illərdə Azərbaycan Respublikasında qiymətli kağızlar bazarının inkişafı” Dövlət Proqramı çərçivəsində qiymətli kağızların bazarına dair məlumatlılığın və peşəkar hazırlığın yüksəldilməsi istiqamətində həyata keçirilən tədbirlərdən biridir.
Tədbirin sonunda seminarda iştirak edən KİV nümayəndələrinə sertifikatlar verildi.