QKDK-da tələbələr arasında müsabiqə keçirilib | Banco.az

QKDK-da tələbələr arasında müsabiqə keçirilib

Banco.az xəbər verir ki,15 iyul 2015-ci il tarixində Azərbaycan Respublikasının Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinin (QKDK) təşkilatçılığı və “Paşa Bank”ın dəstəyi ilə Azərbaycan Dövlət İqtisad Universitetinin tələbələri arasında müsabiqə keçirilib-

QKDK tərəfindən təşkil edilən tədbir Azərbaycan Respublikası Prezidentinin16 may 2011-ci il tarixli Sərəncamı ilə təsdiqlənmiş “2011-2020-ci illərdə Azərbaycan Respublikasında qiymətli kağızlar bazarının inkişafı” Dövlət Proqramında nəzərdə tutulmuş qiymətli kağızlar bazarına dair məlumatlılığın və peşəkar hazırlığın yüksəldilməsi istiqamətində həyata keçirilir.

Tədbiri giriş sözü ilə açan QKDK aparatının rəhbəri Bəxtiyar Əzizov komitə tərəfindən ictimaiyyətin məlumatlandırılması və maarifləndirilməsi istiqamətində həyata keçirilən tədbirlər haqqında məlumat verdi. B.Əzizov təşkil olunmuş müsabiqədə əsas məqsədin tələbələrin kapital bazarlarına dair biliklərin dəyərləndirilməsi, intellektual bacarıqlarının artırılması və məntiqi təfəkkürlərinin inkişaf etdirməkdən ibarət olduğunu tədbir iştirakçılarının diqqətinə çatdırdı. Aparat rəhbəri cari ilin yanvar ayında QKDK ilə ADİU arasında imzalanmış təhsil, elm və təlim-tədris sahəsində birgə inkişaf fəaliyyətinə dair Anlaşma Memorandumu çərçivəsində təşkil edilən silsilə tədbirlərdən birinin olduğunu vurğuladı.

Ən sərfəli kredit üçün müraciət et



QKDK-nın Kapital Bazarı üzrə Təlim Mərkəzi tərəfindən təşkil edilmiş təlim və seminarlarda yüksək intellekti ilə seçilmiş tələbələr arasında təşkil olunmuş müsabiqədə üç komandadan ibarət səkkiz nəfər iştirak edirdi. “Devalvasiyanın kapital bazarlarına təsiri”, “Kapital bazarının iqtisadi inkişafda rolu”, “İnfrastruktur layihələrinin kapital bazarları vasitəsilə maliyyələşdirilməsi” mövzusunda hazırlanmış təqdimatdan sonra münsiflər heyəti tərəfindən müəyyən olunmuş meyyarlar üzrə qiymətləndirilmə aparıldı.

Tədbirin sonunda yarış iştirakçılarına QKDK və “Paşa Bank” tərəfindən müxtəlif dəyərli hədiyyələr təqdim olundu. Birinci yerin qalibləri növbəti mərhələdə Qiymətli Kağızlar üzrə Dövlət Komitəsində dörd həftə (bir ay) ərzində təcrübə keçmək imkanı qazandılar. Gələcəkdə bu mərhələni uğurla keçən iştirakçı özləri haqqında formalaşdırdıqları rəyə əsasən QKDK tərəfindən “Qiymətli kağızlar bazarının elçiləri” diplomu ilə təltif olunacaqlar.

Ən sərfəli krediti almaq üçün müraciət et