06 avqust 2015-ci il tarixində Azərbaycan Respublikasının Qiymətli Kağızlar üzrə Dövlət Komitəsində (QKDK) Azərbaycan Fond Bazarı İştirakçıları Assosiasiyasının (AFBİA) üzvlərinin iştirakı ilə tədbir təşkil edilmişdir.
Tədbirdə “Qiymətli kağızlar bazarı haqqında” Azərbaycan Respublikası Qanununun qüvvəyə minməsi ilə əlaqədar bazarın yeni əməliyyat infrastrukturu barədə peşəkar bazar iştirakçılarına məlumat verilmiş, habelə “İnvestisiya şirkətləri” mövzusunda geniş təqdimat keçirilmişdir. AFBİA üzvlərinə “Qiymətli kağızlar bazarı haqqında” Qanuna əsasən investisiya şirkətlərinin lisenziya almaq üçün müraciətlərinə iki mərhələli qaydada baxılması, lisenziyaların müddətsiz verilməsi, həmçinin investisiya şirkətlərinin nizamnamə kapitalının minimum miqdarı və formalaşdırılması qaydalarının nəzarət orqanı tərəfindən müəyyən olunması prosesinin təfərrüatları ətraflı izah olundu.
Sonda tədbir iştirakçılarının sualları cavablandırıldı və mövzu ilə əlaqədar maraq kəsb edən digər məsələlər ətrafında müzakirələr aparıldı.