Qızılın qiymətini yaxın gələcəkdə nə gözləyir? - PROQNOZ | Banco.az

Qızılın qiymətini yaxın gələcəkdə nə gözləyir? - PROQNOZ

Müəllif:Gülbəniz Hüseynli/Banco.az

Dünyanın nüfuzlu analitik mərkəzləri hesab edir ki, dünya bazarında qızılın qiymətinin bahalaşmasına təsir edən üç əsas amil var.

Bunlardan birincisi ABŞ Federal Ehtiyat Sisteminin siyasəti, ikincisi mərkəzi banklardan tələb, üçüncüsü isə  geosiyasi gərginlik fonunda baş verənlərdir. İqtisadçı analitiklərin hələ 2023-cü ilin əvvəllərində verdiyi qərara görə,  qızıl qiymətlərində artım 2024-cü il ərzində davam edəcək. Onlar hesab edir ki,  qızıl bazarı təbii olaraq qlobal iqtisadi dalğalanmalara, geosiyasi gərginliklərə və pul siyasətindəki dəyişikliklərə həssasdır.

Qızılın gələcək taleyi ilə bağlı iqtisadçı Xalid Kərimli Banco.az-a açıqlama verib. İqtisadçı deyib ki, hazırda qızılın qiyməti tarixində ən yüksək səviyyədə qərarlaşıb. Xalid Kərimli qızılın qiymətində müşahidə edilən bu yüksəlişi risklərlə əlaqələndirib:

“Qızılın əsas funksiyalarından biri təhlükəsiz aktiv hesab olunmasıdır. Qızıl bizə səhmlər, istiqrazlar, bank faizləri kimi divident vermir. Biz sadəcə öncədən proqnoz  edə bilərik ki, hansısa hadisələrin fonunda qızılın qiyməti yüksələ bilər.

Bu proqnozlar adətən geosiyasi risklər nəzərə alınaraq müəyyən edilir. Xüsusilə Qərb və Rusiya arasında münasibətlər, eyni zamanda Yaxın Şərqdəki vəziyyət, İranla digər dövlətlərin münasibətləri  qarşısında qızılın qiyməti yüksələ bilər. Əgər dünyada siyasi sferada sabitlik müşahidə edilərsə, bu halda qiymətli metalın qiyməti aşağı düşəcək. Çünki risklər aşağı düşdükcə, qızılın qiymətinə təsir edir. Bu da qiymətli metalın riskləri özündə ehtiva etdiyinə nümunədir”.

Xalid Kərimli qızılın qiyməti ilə bağlı başqa bir məqama da aydınlıq gətirərək bildirib ki, ikinci təsiredici amil inflyasiya ilə bağlıdır:

“İnflyasiya aşağı düşdükcə, faiz dərəcələri də aşağı salınacaq və faiz dərəcələri aşağı düşəndə qızılın qiymətinə artırıcı təsir göstərə bilər.  Amma qızılın indiki qiymət səviyyəsi faizlərdən, inflyasiyadan daha çox  geosiyasi risklərdən formalaşıb. Bu da  qızılın sonrakı qiymət hərəkətinə təsir göstərəcək”.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram