Müəllif:Mehin Qasımova,Banco.az
Qızıl qiymətləri investorların ABŞ Federal Ehtiyat Sisteminin (FED) gələn həftə keçiriləcək iclasını gözləməsi fonunda yüksək səviyyəsini qoruyur.
Banco.az xəbər verir ki, Yaxın Şərqdə gərginliyin artması və neft qiymətlərinin yüksəlməsi təhlükəsiz sığınacaq kimi qızıla olan tələbi dəstəkləyib.
Spot qızılın bir unsiyası 4 133,39 dollar səviyyəsində ticarət olunub. Əvvəlki sessiyada qiymət 4 165,87 dollara qədər yüksələrək 7 iyuldan bəri ən yüksək göstəricini qeydə almışdı. Bununla yanaşı, ABŞ-da avqust ayı üzrə qızıl fyuçersləri 0,4 faiz ucuzlaşaraq 4 136,80 dollara enib.
Bazarlardakı gərginlik ABŞ-ın İrana qarşı yenidən həyata keçirdiyi hücumlar və Yəməndə husilərin Qırmızı dənizdə neft tankerlərini hədəfə alması ilə daha da artıb. Bu hadisələr nəticəsində neft qiymətləri 1,5 faizdən çox bahalaşaraq son altı həftənin ən yüksək səviyyəsinə yüksəlib.
Analitiklər hesab edirlər ki, geosiyasi risklər və FED-in faiz siyasəti ilə bağlı gözləntilər yaxın günlərdə həm qızıl, həm də enerji bazarlarında qiymətlərin istiqamətini müəyyən edən əsas amillər olacaq.
