Qızıl iki həftənin ən yüksək səviyyəsinə çatdı | Banco.az

Qızıl iki həftənin ən yüksək səviyyəsinə çatdı

Müəllif:Mehin Qasımova,Banco.az

Qlobal bazarlarda qızılın qiyməti çərşənbə günü texniki alışların və artan geosiyasi risklərin təsiri ilə son iki həftənin ən yüksək səviyyəsinə çatıb.

Banco.az xəbər verir ki, investorlar gələn həftə keçiriləcək ABŞ Federal Ehtiyat Sisteminin (FED) iclasından faiz dərəcələri ilə bağlı veriləcək siqnalları gözləyərkən, Yaxın Şərqdəki gərginlik də təhlükəsiz liman aktivlərinə tələbi artırıb.

Spot qızılın qiyməti 0,9 faiz bahalaşaraq bir unsiya üçün 4113,73 dollara yüksəlib və 10 iyuldan bəri ən yüksək səviyyəsini görüb. ABŞ-da avqust ayı üzrə qızıl fyuçersləri isə 1,1 faiz artaraq 4119,10 dollara çatıb.

Bazar iştirakçıları Yaxın Şərqdə artan gərginliyi diqqətlə izləyirlər. İranın dəstəklədiyi Husi hərəkatının təhdidlərindən sonra Qırmızı dənizdə Səudiyyə Ərəbistanının Asiyaya xam neft daşıyan iki tankeri marşrutunu dəyişib. Bu hadisə regiondakı təhlükəsizlik risklərinin mühüm enerji nəqli marşrutlarına təsirini bir daha gündəmə gətirib.

Bununla yanaşı, diplomatik səylər də davam edir. İranın daxili işlər naziri Əsgər Momani vasitəçilik rolunu oynayan Pakistana səfər edərək İslamabaddan diplomatik təşəbbüsləri davam etdirməsini xahiş edib.

Geosiyasi risklərin təsiri ilə neft qiymətləri də 1 faizdən çox bahalaşaraq təxminən son altı həftənin ən yüksək səviyyəsinə yüksəlib.

Digər tərəfdən, Kanadanın Baş naziri Mark Karni ABŞ Prezidenti Donald Trampla ticarət danışıqlarının sürətləndirilməsi barədə razılıq əldə etdiklərini açıqlayıb. Bununla belə, Karni ABŞ-ın yeni tarifləri qüvvəyə mindirəcəyi halda Kanadanın bütün mümkün cavab variantlarını nəzərdən keçirəcəyini bildirib.

Qiymətli metallar bazarında da yüksəliş müşahidə olunub. Spot gümüş 1,8 faiz artaraq 59,82 dollara, platin 1,6 faiz bahalaşaraq 1655,61 dollara, palladium isə 1,6 faiz yüksələrək 1302,25 dollara çatıb.