Müəllif: Tamara Mustafayeva, Banco.az
Adətən bir müddət kitab oxumaqdan uzaqlaşmaq bizə bu vərdişi unutdurur. Elə ki, bütün işlərimizi qaydasına salıb əlimizə kitab götürərək yenidən oxumağa başlamaq istəyirik, bu zaman da oxumaq bizim üçün sanki darıxıdırıcı və yorucu gəlir. Odur ki, bugünkü məqaləmizdə uzun müddət kitab oxumamış və yenidən oxumağa başlamağı düşünənlər üçün olduqca maraqlı, sonluğunu dərhal öyrənmək istəyəcəyiniz bəzi kitab tövsiyələri verəcəyik.
1. “Fantastik Gecə” - Stefan Sveyq (“Fantastic Night” - Stefan Zweig)
Əsər burjuaziyanın görkəmli nümayəndələrindən biri olaraq qayğısız ömür sürən bir adamın həyatındakı dönüş nöqtəsindən bəhs edir. Həyatında ilk dəfə “günah” işlədən bu adam yenidən “hiss etməyə” başladığını kəşf edir.
2. “Bəyaz Gecələr” – Fyodor Dostoyevski (“Белые ночи” - Фёдор Миха́йлович Достое́вский)
Adsız nəqledicinin dilindən qələmə alınan bu hekayə introvert və tənha bir insann hər gecə təkbaşına küçədə gəzməsini və belə gecələrdən birində qarşılaşdığı qadına duyduğu qarşılıq sevgisini əks etdirir.
3. “İnsan nə ilə yaşayır” – Lev Tolstoy (“Чем люди живы” - Лев Николаевич Толсто́й)
Uzun illər boyu onu narahat edən insanlığın əsas problemlərini ədəbi tərzdə nəql edən Tolstoy insan sevgisi və inanc anlayışlarına işıq tutur.
4. “Ruhlar” – Pol Oster (“Ghosts” - Paul Auster)
Nyu York trilogiyasına daxil olan bu kitab, əslində insanların sadəcə rənglərlə var olduğu, kimin gerçək, kimin xəyal və ya ruh olduğu müəyyən edilə bilməyən dedektiv romandır. Kitabda həminçinin insanın kimlik arayışına da yer verilir.
5. "Günəşi oyandıraq"- Joze Mauru di Vaskonselos ( "Vamos Aquecer o Sol" - José Mauro de Vasconcelos)
"Şəkər Portağalı"nın beş yaşlı Zezesi yenidən qarşımıza çıxır, ancaq bu dəfə yazıçı Zezenin məktəb illərini bizimlə bölüşür. Gözlərinin içi daim parıldayan, balaca ürəyinə böyük sevgilər sığdıran qəhrəmanımızın kədərləri bu dəfə bir az daha dərin, daha təsirli... Əvvəlki kitabdan tanıdığımız Şəkər Portağalı artıq olmasa da, Zezeyə bu dəfəki macərasında sevimli kurbağası yoldaşlıq edəcək.
6. "Səhra Çiçəyi" - Varis Dirie ("Desert Flower: The Extraordinary Journey of a Desert Nomad" - Waris Dirie)
Kitab Somalili model Varis Dirienin avtobioqrafiyasıdır. Əsər müəllifin öz başına gələn hadisələr əsasında qələmə alınıb. Kitabda Varisin həyatının başladığı Afrika səhralarından, yerlilərin köçəri həyatından, qəhrəmanımızın ailəsindən bəhs edilməsi fonunda Somalidə qadın olmağın çətinliyi, qadınların üzləşdikləri, dözməli olduqları bütün ağrı-acılar ən dərin izləri ilə təsvir edilir.
7. “Ağrıdağı Əfsanəsi” – Yaşar Kamal (“Ağrı Dağı Efsanesi” – Yaşar Kemal)
Məhəbbət dastanı olan bu kitab adət-ənənələrini Mahmud xana qarşı müdafiə edən Əhməd ilə Gülbahar arasındakı sevgidən bəhs edir. Bununla yanaşı əsərdə insan psixologiyasının dərinlikləri də açılır.
8. "Söyüdlü Arx" - İlyas Əfəndiyev
Yazıçının ilk romanı olan "Söyüdlü Arx" milli nəsrdə lirik-psixoloji təmayülün əsasını qoymuş, tezliklə tərcümə edilərək dünyanın bir çox dillərində geniş yayılmışdır. Romanda Nuriyyə adlı bir qızın həyatından və onun uzaq bir kənddə başına gələnlərdən bəhs olunur. Əsər ötən əsrin problemlərindən danışıb o dövr insanlarının həyat tərzinə işıq tutsa da, yazıçının güclü qələminin oxuculara ünvanladığı suallar bu gün də öz aktuallığını saxlayır. Əminliklə deyə bilərik ki, Nuriyyənin əhvalatı hər kəsi özünə bağlayacaq.
9. "İnsanın Məna Axtarışı" - Viktor E. Frankl (“Man's search for meaning” – Viktor Frankl)
Kitab psixiatr Viktor Franklinin Faşist düşərgələrində qələmə aldığı xatirə kitabıdır. Bu kitabda həyatda bir məqsədiniz varsa, hər cür çətin vəziyyətin öhdəsindən gələ biləcəyinizdən bəhs edilir. Əksinə həyatınız nə qədər gözəl olursa olsun, məqsədiniz yoxdursa, özünüzü natamam hiss edəcəksiniz.
10. "İtmiş Gül" - Sərdar Özkan ("Kayıp Gül" - Serdar Özkan)
Sərdar Özkanın ilk və ən bəyənilən romanı “İtmiş gül” gənc bir qızın hekayətini nəql edir. 50 ölkədə təxminən 44 müxtəlif dilə tərcümə edilən bu əsər qərblə şərqin heyranedici vəhdətini oxuculara çatdırır. Antuan de Sent Ekzüperinin bütün dünyada böyük səs-soraq oyatmış “Balaca şahzadə” romanına bənzədilən “İtmiş gül”ün gənc qəhrəmanın sirli həyatı və macəraları kitabı oxuyan hər kəsi ovsunlayacaq.
Bizi sosial şəbəkələrdən izləyin!!