Müəllif:Mehin Qasımova/Banco.az
Husi üsyançılarının ticarət gəmilərinə raket hücumlarının artması nəticəsində yaranan Qırmızı dənizdəki böhran qlobal iqtisadi artımın 2024-cü ilin sonuna kimi 2,8 faizə qədər azalmasına səbəb ola bilər.
Banco.az xəbər verir ki, bu barədə məlumat Vaşinqton Beynəlxalq Maliyyə İnstitutunun (IIF) analitiklərinin proqnozunda öz əksini tapıb.
Ekspertlər hesab edirlər ki, Qırmızı dənizdə hadisələr mənfi istiqamətdə inkişaf edərsə, qlobal iqtisadiyyatın artım tempi 2,4 faizə qədər azala bilər. Müqayisə üçün qeyd edək ki, ekspertlər 2023-cü ildə qlobal iqtisadi artımı 3,1 faiz səviyyəsində qiymətləndiriblər. Beləliklə, ən pis halda göstərici 0,7 faiz bəndi (pp) azala bilər.
Ekspertlər belə qənaətə gəliblər ki, yaxın dövrdə husilərin raket hücumlarının intensivliyi azalacaq və Qırmızı dəniz vasitəsilə ticarət yaxın aylarda bərpa olunacaq. Lakin Yaxın Şərqdə hərbi əməliyyatlar davam edərsə, İsraillə Fələstinin HƏMAS radikal qruplaşması arasında münaqişə genişmiqyaslı müharibəyə çevrilə bilər. Bu halda qlobal neft tədarükünün təxminən 30 faizi risk altında ola bilər ki, bu da qlobal iqtisadiyyata böyük ziyan vura bilər.
Daha əvvəl İqtisadi məsələlər üzrə Avropa komissarı Paolo Gentiloni bildirib ki,husilərin hücumları səbəbindən daşınma xərcləri 400 faiz artıb. Eyni zamanda, Avropa ilə Asiya arasında yüklərin çatdırılma müddətləri orta hesabla 10-15 gün artıb.
Bizi sosial şəbəkələrdən izləyin!!