Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqası tərəfindən "Əmək münasibətləri iştirakçılarına yönələn maarifləndirici və məlumatlandırıcı fəaliyyətlərin həyata keçirilməsi" layihəsi həyata keçirilir. Qurumun rəhbəri Sahib Məmmədov vergi öhdəlikləri ilə bağlı QHT-lər üçün sual doğuran məsələlərə aydınlıq gətirib.
Qeyd olunub ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 18 fevral tarixli 56 nömrəli Qərarı ilə təsdiq edilmiş "Neft-qaz sahəsində fəaliyyətin və qeyri-dövlət sektorunun Meyarları"nın 2.2. bəndinə əsasən, dövlət adından yaradılan publik hüquqi şəxslər, büdcə təşkilatları, dövlət büdcəsindən və dövlətə məxsus digər fondlardan maliyyələşən digər orqan və qurumlar, habelə səhmlərinin və ya paylarının 51 və daha artıq faizi birbaşa və ya dolayısı ilə dövlətə məxsus olan hüquqi şəxslər istisna olmaqla, Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış hüquqi şəxslər və vergi ödəyicisi olan fiziki şəxslər qeyri-dövlət sektoruna aid edilib. Həmin müddəaya əsaslanaraq, QHT-lər müəyyən hallarda bu meyarların təsiri altına düşürlər. Buna görə də onlar Vergi Məcəlləsində əməkhaqqından gəlir vergisinin güzəştli dərəcələrlə tətbiqi ilə bağlı nəzərdə tutulmuş müddəalardan bəhrələnə bilmirlər: "QHT-lər dövlət büdcəsindən qrant və digər subsidiyalar aldıqda "Sosial sığorta haqqında" Qanuna edilən dəyişiklikdən istifadə edə bilmirlər. Həmin qanuna edilən dəyişikliyə görə, 2019-cu ildən icbarı dövlət sosial sığırta yığımlarında işəgötürənlə işçi arasında bölgü fərqli tətbiq edilir. Belə ki, neft-qaz və dövlət sektoruna aid olan sahələrdən başqa, digər sahələrdə sosial yığım 200 manatadək olan həddə əvvəlki qaydada (22 faiz (işəgötürən): 3 faiz (işçi) nisbətində), 200 manatdan artıq olan hissədə isə müvafiq olaraq 15 faiz: 10 faiz nisbətində müəyyən edilir". Qeyd olunub ki, QHT dövlət büdcəsindən maliyyə yardımı aldığı halda, 2018-ci ildə və əvvəlki illərdə olduğu kimi, əməkhaqqından gəlir vergisini ödəmə mənbəyindən tutmaqla dövlət büdcəsinə ödəməlidir. Həmçinin məcburi dövlət sosial sığorta yığımı da əvvəlki nisbətdə (22 faiz: 3 faiz) tutulmalıdır.
Bəs QHT digər mənbələrdən (dövlət büdcəsinin vəsaiti olmayan) qrant və ya digər subsidiyalar aldıqda necə olur? Qurumun rəhbəri bildirib ki, bu halda QHT qeyri-dövlət sektoru olacaqdır və 8.000 min manata qədər əməkhaqqı məbləğlərinə tətbiq olunan gəlir vergisi güzəştlərini tətbiq ediləcək. Həmçinin, icbari dövlət sosial sığorta yığımı da müvafiq olaraq 200 manatadək olan hissədə 22 faiz: 3 faiz nisbətində, bu məbləğdən yuxarı hissədə isə müvafiq olaraq 15 faiz: 10 faiz nisbətində olacaq. Bundan əlavə, bütün hallarda 0,5 faiz: 0,5 faiz nisbətində işsizlikdən sığorta fondu üçün tutulacaqdır".
Vergiler.az